Yunan-Roma güləşçilərinin mübarizəsi bitdi
“Sərhədçi” Olimpiya-İdman Mərkəzində güləşçilər arasında Azərbaycan çempionatı davam edir. İdman.com.az saytının məlumatına görə, ikinci yarış günündə də xalça üzərinə yunan-Roma güləşçiləri çıxıblar.

55, 66, 84 vә 120 kq çəkili idmançıların ardınca 60, 74 və 96 kq çəkidə də qaliblər müəyyənləşib. Günün ilk finalında Elçin Әliyev - Taleh Mәmmәdov dueli baş tutub. Ötən il 55 kq çəkidə həlledici görüşdə uduzan Əliyev bu dəfə daha ağır – 60 kq çəkidə çempion adını qazanıb.

74 kq çəki dərəcəsində də yeni Azərbaycan çempionu müəyyənləşib. Dramatikliyi ilə fərqlənən görüşdə Şamil Ərtuqanov Niyamәddin İbrahimova qalib gəlməklə, onun titulunu əlindən alıb. Belə ki, yeni çempion ilk hissəni aktivinə yazdıqdan sonra Niyaməddin hesabı bərabərləşdirib. Ardınca isə Şamil hesabda geri ola-ola əsl əzmkarlıq nümayiş etdirib və qızıl medallara yiyələnib.

96 kq çəki dərəcəsində isə 2011-ci ilin finalı təkrarlanıb. Lakin Saman Tәhmasibi - Şalva Qadabadze görüşündə bu dəfə birinci qalib gəlib. O, revanş etməklə gümüş medalı qızıla dəyişib.

Bununla da yunan-Roma güləşçilərinin mübarizəsi başa çatıb. Sabah meydan sərbəst güləşçilərin ixtiyarına veriləcək. Çempionata dekabrın 21-də yekun vurulacaq.

60 kq
1. Elçin Әliyev (İnter, Sumqayıt)
2. Taleh Mәmmәdov (Neftçi İSM)
3. Zaur Bağırov (MOİK)
3. Elman Muxtarov (Neftçi İSM)

74 kq
1. Şamil Ərtuqanov (İnter)
2. Niyamәddin İbrahimov (Spartak)
3. Elvin Mürsәliyev (Neftçi İSM)
3. Timur Umarov (Atasport)

96 kq
1. Saman Tәhmasibi (Atasport)
2. Şalva Qadabadze (Atasport)
3. Araz Hәsәnov (Neftçi İSM)
3. Şәhriyar Mәmmәdov (DİN İC)

Xəbər 1073 dəfə oxundu.