Qurbanov Hənifə Hüseyn oğlu
Qurbanov Hənifə Hüseyn oğlu 1946-cı il mayın 9-da anadan olub. 1978-ci ildən biologiya elimlər namizədidir. Estoniyanın Tartu Universitetində Ümumittifaq Bədən Tərbiyəsi və İdman Elmi-Tədqiqat İnstitutunda (Moskva şəhəri) hazırlanmış namizədlik dissertasiyasını müdafiə edib. 1983-cü ildə dosent elmi adına layiq görülüb. 1995-ci ildə ona beynəlxalq “İnkorvuz” təşkilatı tərəfindən fəlsəfə doktoru elmi dərəcəsi verilib.
Elmi-pedaqoji stajı 42 ildir, 130 elmi işin o cümlədən 8 dərsliyin müəllifidir. O, yüksək dərəcəli idmançıların hazırlanmasının təkmilləşməsi ilə bağlı elmi tədqiqatlar aparmış va bu tədqiqatların nəticələri SSRİ və Azərbaycanın yığma komandalarının hazırlığında tətbiq edilib. Belə ki, Mingəçevirdə yerləşən «Kür» Olimpiya Avarçəkmə Bazasında ictimai əsaslarla məşqçi işlədiyi vaxt akademik avarçəkmə üzrə Azərbaycanın yığma komandasının üzvləri Kinyakin Pyotr va Kinyakin Sergey (cütlük) bilavasitə onun rəhbərliyi ilə SSRİ çempionları olmuş, Yakuşa Vasiliy (təklik) Olimpiya Oyunlarında (1980 il) gümüş medal qazanmışdı. O, Respublika və Beynəlxalq yarışların qalibləri olan xüsusi olimpiyaçılar Rəşad Axundov (üzgüçülük), Rauf Qurbanov (atletika), Anar Əzimov (stolüstü tennis) və Eyvaz Muradovun (stolüstü tennis) hazırlığında bilavasitə iştirak edib. H.Qurbanovun yüksək ixtisaslı idmançı kadrların hazırlanmasındakı fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib və o, 1991-ci ildə “SSRI Bədən Tərbiyəsi və İdman əlaçısı”, 2002-ci ildə isə “Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adları ilə təltif olunub. O yüksək dərəcəli idmançıların hazırlığına həsr edilmiş çoxsaylı elmi-metodik məqalələrin müəllifi olub, keçmiş ittifaq, beynəlxalq və respublika miqyaslı müxtəlif elmi konqress, simpozium va konfranslarda məruzələr edərək, tədqiq etdiyi problemləri əsaslandırıb, ozünün konsepsiyasını müdafiə edib.
H.Qurbanov bir müddət (1993-1996-cı illər) Türkiyənin aparıcı Universitetlərində müəllimlik edib. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bədən tərbiyəsi müəllimləri və respublikanın yığma komandalarının məşqçiləri ilə müntəzəm əlaqə saxlayır, onlarla elmi-metodiki seminarlar keçirərək idman elminin yeniliklərini onlara catdırır.
H.Qurbanovun elmi kadrların hazırlanmasında da rolu böyükdür. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında magistraturanı müvəffəqiyyətlə bitirmiş 18 magistirin elmi distertasiyasının rəhbəri olub və hal-hazırda 3 namizədlik dissertasiyasına rəhbərlik edir.
2005-ci ildə Hənifə Qurbanova professor elmi adı verilib. Azərbaycan Respublikasının Prezdentinin 2010-cu il tarixli sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Onun yazdığı “Fiziki Tərbiyənin Tədrisi Metodikası” dərsliyi 2011-ci ildə bədən tərbiyəsi və idman sahəsində yazılan kitablar arasında birincilik qazanıb.
Hənifə Qurbanov Azərbaycan Respublikası Xüsusi Olimpiya İcrayə Komitəsinin üzvü, Təhsil Nazirliyinin Elmi-metodik şurasının bir bölməsində sədr müavini, digərində isə üzvdür.
O Azərbaycan Respublikasında “Fiziki tərbiyə” üzrə Milli kurikulumun müəlliflərindən biri və bu sənəd əsasında yazılmış yeni dərsliklərin müəlliflərindən biridir.

Xəbər 5959 dəfə oxundu.