2 boksçumuz finalında
Rusiyanın Kalininqrad şəhərində keçirilən 19-22 yaşlıların Avropa çempionatında finalçıların adları məlum olub. İdman.com.az saytının məlumatına görə, milli komandamızın iki üzvü – Salman Əlizadə (52 kq) və Elvin İsayev (60 kq) həlledici döyüşə vəsiqə qazanıblar.

Avropa çempionu Salman Əlizadə yarımfinalda Almaniya təmsilçisi Hamza Toubanı 19:15 hesabı ilə məğlub edib. Bununla da boksçumuz Almaniya təmsilçisindən revanş almış olub. Xatırladaq ki, Salman Toubaya bu il Trabzonda keçirilmiş Avropa Olimpiya təsnifat turnirində uduzmuşdu. Millimizin üzvü finalda rusiyalı Vasili Vetkinlə üz-üzə gələcək.

Elvin İsayev də yarımfinal döyüşünü qələbə ilə başa vurub. Gənclər arasında dünya birinciliyinin bürünc mükafatçısı finala gedən yolda litvalı Edqaras Skurdiasla qarşılaşıb. İsyev çətinlik çəkmədən qələbə qazanıb – 15:8. Həmyerlimiz finalda rusiyalı Maksim Şmıqlyovla görüşəcək.

Digər iki boksçumuz – Cavid Çələbiyev (56 kq) və Heybətulla Hacəliyev isə (64 kq) yarımfinalda uduzaraq, bürünc medalla kifayətləniblər. Beləliklə, milli komandamız 19-22 yaşlıların Avropa çempionatını 4 medalla başa vurur.

Xəbər 967 dəfə oxundu.