Olimpiya çempionumuz yenidən Avropa zirvəsində

İstanbulda cüdo üzrə Avropa çempionatında komandamızın lideri, Olimpiya çempionu Elnur Məmmədli uğurla başa vurub.
Cüdo üzrə builki qitə çempionatını idmançılarımızdan, bəlkə də elə yarışın bütün iştirakçıları arasında, böyük səbirsizliklə gözləyən Nicat Şıxəlizadə idi. Dörd il bundan əvvəl qanında qadağan edilmiş furosemid preparatı tapılan Nicata Beynəlxalq Cüdo Federasiyası 4 il yarışlarda iştirakı qadağan etmişdi. Bu il aprelin 1-də artıq cəza müddəti başa çatdı. Bütün bu müddət ərzində gənclər arasında qitə çempionu, kişilər arasında dünya 3-cüsü olan cüdoçumuz ruhdan düşməmiş, məşqlərini inamla davam etdirmiş, yığmanın təlim-məşq toplanışlarına həvəslə qatılmış və inamını itirmədən bəraət gününü səbirlə gözləmişdi.
Avropa çempionatının keçirildiyi İstanbula yollanacaq komandamızın heyətinə məşqçilər N.Şıxəlizadənin də adını daxil etmişdilər. Xoşbəxtlikdən builki çempionatda hər çəkidə iki idmançı ilə iştirak etmək icazəsi verilmişdi. Avropa Cüdo Birliyi (EJU) bunu ilk dəfə idi ki, edirdi. Bu da komandamızın rəhbərliyini çətin dilemma qarşısında qoymadı. Bildiyiniz kimi, 60 kq çəkidə komandamızın lideri hazırda İlqar Müşkiyevdir. EJU bu yeniliyi tətbiq etməsəydi, məşqçilərin N.Şıxəlizadəyə İstanbulda şans verəcəklərini qətiyyətlə söyləmək olmazdı. Pekin olimpiadasında iştirak edə bilməyən Nicatın Londona lisenziya qazanması nəzəri cəhətdən mümkündür. Qarşıda hələ 1 il var. Onu da qeyd edək ki, bu çempionatda qaliblər 180 lisenziya xalı qazanırlar. Amma 4-illik yarış həsrətindən sonra Nicatın, qayıdışının nə göstərəcəyi də asan sual deyildi.
Məşqçilər cəza müddəti yenicə bitmiş cüdoçunun adını heyətə yazsalar da, onun çempionatda iştirakı məsələsi İstanbulda həll olunmalı idi. Belə ki, komandamız İstanbul səfərinə yollanarkən beynəlxalq federasiyadan bəraət kağızı gəlməmişdi. Qərar İstanbulda verildi və Nicat yarışa buraxıldı. Bu, çempionatın startından bir gün əvvəl, püşkatma zamanı məlum oldu.
Yarışın ilk günü tatami üzərinə çəkiləri 60, 66 kq olan kişilər və çəkiləri 48, 52 və 57 kq olan qadınlar çıxdılar. Nicat ilk dövrədə Rusiya cüdoçusu, Abu-Dabidə keçirilmiş Qran-pri turnrinin qalibi rusiyalı Beslan Mudranovu 1 dəqiqə 11 saniyəyə məğlub etdi. İknci dövrədə alman Tobias Enqlmayerlə də görüşün əvvlini Nicat çox yaxşı başlamışdı. Hətta sona yaxın idmançımız rəqibinə qarşı effektli bir fənd işlədib, onu tatami üzərinə atdı. Sanki qələbə lap yaxında idi. Amma son saniyələrdə alman ippona layiq fənd işlədib, qələbəni Nicatın əlindən qopardı.
Bakıda keçirilmiş «World Masters» turnirinin bürünc mükafatçısı İlqar Müşkiyev (60 kq) qitə çempionatında ilk dəfə idi ki, çıxış edirdi. Əvvəlcə o, britaniyalı Eşli Makkenzi ilə hesab çürütməli idi. O bu görüşdə kifayət qədər fəal görünürdü. İngilis cüdoçusu isə, əksinə, passivliyə görə cərimələndi. Bu da son məqamda görüşün nəticəsinə öz təsirini göstərdi. İkinci görüşdə İlqar hollandiyalı Jeron Murenə ipponla qalib gəldi. Bu, artıq 1/4 finala keçid demək idi. Orada isə idmançımızın qarşısını gürcü Betkula Şukvani kəsdi. Gürcünün ipponu İlqarı çempionluqdan məhrum edib, onun pənahını təsəlli görüşünə bağladı. Təsəlli üçün İ.Müşkiyev italiyalı Elio Verdeyə qalib gəlməliydi. Görüşün əvvəlində italiyalı xal üstünlüyünə malik oldu. Mübarizəni inamla davm etdirən İlqar, rəqibinə ippon atdı. Amma hakimlər bunu saya almadılar. Vəziyyətin belə şəkil alması cüdoçumuzun əl-qolunu soyutdu, italiyalıya daha bir fənd işlətmək imkanı verib, məğlub oldu.
Yarışın start günündə ilk medalı komandamıza Tərlan Kərimov (66 kq) qazandı. Kərimov əvvəlcə fransalı David Larosa qalib gəldikdən sonra, gürcü Şalva Kardavanı ipponla yola saldı. Rusiyalı Musa Moquşkov qadağan olunmuş fənd tətbiq etdiyindən, hakimlər ona məğlubiyyət verdilər. Bununla Tərlan yarımfinalda çıxış etmək imkanı qazandı. Burada isə britaniyalı Kolin Outsə qarşı tətbiq etdiyi fənd ipponluq oldu. Finalda cüdoçumuzun rəqibi ikiqat Avropa çempionu macar Mikloş Unqvari idi. Əsas vaxt qalibləri müəyyən edə bilmədi. Əlavə vaxtda macar həlledici balı qazandı.
66 kq-da çıxış edən ikinci cüdoçumuz Samir Dadaşzadə ilk görüşdə rumın Laslo Jokeyə məğlub oldu.
İlk gün tatamiyə çıxan qadınlarımızdan diqqəti çəkən Kifayət Qasımovanın (57 kq) çıxışı oldu. Kifayət indiyə kimi iştirak etdiyi qitə çempionatlarında üç dəfə medalçı olub. İstanbulda ilk rəqibi rumıniyadan olan cüdoçu Andrea Stefaniya Çitu ilə görüş çox çətin oldu. Cüdoçumuz əvvəlcə xal hesabında geridə idi. Sonradan təşəbbüsu ələ alıb,iki effektli fəndlə qələbəyə sahib oldu. Sonrakı mərhələdə K.Qasımova macar Hedviq Karakasa qalib gəlib, 1/4 finala çıxdı. Burada fransalı Automna Pavianın müqavimətini qıra bildi. Amma portuqaliyalı Telma Monteyro ilə yarımfinalda bunu edə bilmədi. Ümid ancaq bürünc medala idi. Bunun üçün rusiyalı İrina Zabludinanı məğub etmək lazım idi. Təəssüf ki, Kifayət bunu bacarmayıb, 5-ci yerlə kifayətləndi.
Beləliklə, ilk günün bir gümüş medalı ilə komandamız ümumi hesabda 7-ci yeri tutdu.
Pekin Olimpiadasının çempionu Elnur Məmmədli (81 kq) Avropa çempionluğunun həzzini 5 il əvvəl duyub. Hazırda dünya reytinqində ilk onluğa daxil olan Elnur, olimpiya ili ərəfəsində mübariz formasını bərpa edib. O bunu fevral ayında Bakıda keçirilən «World Masters» turnirindəki qələbəsi və Düsseldorfda qran-pri turnirində qazandığı bürünc medalla sübut edib.
İstanbulda Elnurun ilk rəqibi yunan Pavlos Qkaraklov oldu. Bu səddi Elnur asanlıqda dəf etdi. Sonrakı mərhələdə onun qarşısına çernoqoriyalı Srcan Mrvaljeviç çıxdı. Onunla da idmançımızın mübarizəsi çox sürmədi. 1/8 finalda E.Məmmədli rusiyalı Murad Xabaşirovla üz-üzə gəldi. Düssülldorfda yarıminalda məğlub olduğu bu idmançıdan bu dəfə qisas alan olimpiya çempionumuz, 1/4 finalda xorvat Tomislav Maryanoviçi ipponla müğarizədən kənarlaşdırdı. Yarımfinalda fransız Alen Şmidlə qarşılaşma bir qədər çətin keçdi. Elnurun qaşı zədələndi. Həkimlərin müdaxiləsindən sonra idmançımız mübarizəni qələbəyə kimi davam etdirdi. Finalda isə moldovalı Sergey Toma idmançımızdan ippon aldı. Beləliklə, E.Məmmədli ikinci dəfə qitə çempionu oldu. Bu çəkinin ikinci nümayəndəsi Elxan Rəcəbli isə ilk qarşılaşmadan sonra mübarizəni dayandırdı.
73 kq-da çıxış edən təmsilçimiz Ramil Qasımov ilk görüşdə gürcü Tenqiz Papoşviliyə məğlub oldu. Eyni çəkinin nümayəndəsi Renat Mirzəliyev moldovalı Yuri Leuya qalib gəldikdən sonra, ikinci görüşdə polşalı Tomaş Adameklə bacara bilmədi. Yarışın ikinci günü Ramilə Yusubova da, bir qələbədən sonra, çıxışını başa vurmalı oldu.
Üçüncü gün mübarizəyə qoşulanlar arasında medal qazanmaq ehtimalı ən böyük olan Elxan Məmmdov idi. Son üç qitə birinciliyindən medalsız qayıtmayan Elxanın bu dəfə də bizi sevindirəcəyinə əmin idik. Amma o, ilk görüşdəcə serb Nikole Nikoliçə məğlub oldu.
100 kq-da Elmar Qasımov da eyni taleyi yaşadı. Danimarkalı Frederik Yorgensenlə mübarizədə əsas vaxt qalibi müəyyən edə bilmədi. Əlavə vaxt isə danimarkalının xeyrinə işlədi. Bu çəkinin ikinci nümayəndəsi Sain Məmmədov da startda büdrədi.
100 kq-dan ağır çəkidə Emil Tahirov rusiyalı Dmitri Sterxov üzərində təmiz qələbə qazandı. Amma sonrakı rəqibi çox güclü idi – dəfələrlə dünya çempionu fransalı Teddi Riner. Dünya cüdosunun canlı əfsanəsi sayılan Rinerə Emil layiqincə müqavimət göstərdi, amma, təəssüf ki, sensasiya baş vermədi. Cüdoçumuz məğlub oldu.
Beləliklə, komandamız Elnur Məmmədlinin «qızıl»ı, Tərlan Kərimovun «gümüş»ü ilə Avropa 5-cisi oldu.

Xəbər 1235 dəfə oxundu.