Gənclər və idman naziri Azad Rəhimovun İordaniya səfəri başa çatıb
Aprelin 18-dən İordaniyada rəsmi səfərdə olan Gənclər və idman naziri Azad Rəhimov bu müddət ərzində İordaniya kralı II Abdullahın qardaşı, İordaniya Milli Olimpiya Komitəsinin sədri Əmir Feysəl ibn əl-Hüseynlə görüşüb. Qeyd edək ki, İordaniya Kralı II Abdullah Qətərdə səfərdə olduğu üçün onun səlahiyyətlərini qardaşı, İordaniya Milli Olimpiya Komitəsinin sədri Əmir Feysəl ibn əl-Hüseyn icra edir.

Nazir Azad Rəhimov səfər çərçivəsində həmçinin İordaniyanın baş naziri Maruf Baxit, İordaniyanın gənclər üzrə Ali Şurasının sədri Əhməd əl-Masarva ilə də görüşlər keçirib.

Gənclər üzrə Ali Şurada keçirilmiş geniş tərkibli görüşdə nümayəndə heyətləri iki ölkə arasında gənclər siyasəti və idman sahələrində iş təcrübəsinin mübadiləsi imkanlarını müzakirə ediblər. Birgə tədbirlərin keçirilməsi barədə razılıq əldə olunub.

Razılığa əsasən hər iki ölkədə “Gənclər günləri”nin, gənclər siyasəti sahələrinə həsr olunmuş görüş və forumların keçirilməsi, tələbə və gənclər təşkilatlarının təmsilçilərindən ibarət nümayəndə heyətlərinin səfərlərinin təşkil olunması müzakirə edilib.

Görüşlər zamanı hər iki ölkə başçısı arasında mövcud münasibətlərin bütün digər sahələrə təkan verdiyi vurğulanıb və tərəflərin müxtəlif sahələrdə konkret nəticələrə yönəlmiş birgə fəaliyyətinin davam etdirilməsinin vacibliyi qeyd edilib.

Xəbər 1468 dəfə oxundu.