Nicat Şıxəlizadə tatamiyə ipponla qayıtdı
«Avropa çempionatında uğur qazanmağa çalışacağam»
4 illik fasilədən sonra istedadlı cüdoçumuz Nicat Şıxəlizadə tatamiyə döndü. Onun qayıdışı bu gün İstanbulda start götürən Avropa çempionatında gerçəkləşəcək. Bu barədə «İdman»a eksklüziv olaraq məlumat verən Nicat bildirib ki, əsas məqsədi sözügedən yarışda uğur qazanaraq London-2012-yə lisenziya xal hesabını açmaqdır: «Əla formadayam. Səbirsizliklə tatamiyə çıxdacağım anı gözləyirəm. Uzun müddət yarışda iştirak etmədiyim üçün, yarış öncəsi müəyyən həyəcan ola bilər. Amma bütün sədləri dəf etməyə hazıram. Fövqəladə bir şey baş verməsə, Vətənə mükafatla dönəcəyəm. Buna inamım böyükdür».
Xatırladaq ki, 2007-ci ildə müayinə zamanı Nicatın qanında (müəmmalı olaraq) qadağan edilmiş həb tapılmışdı və o, beynəlxalq federasiya tərəfindən 4 illlik cəzaya məruz qalmışdı.
Qeyd edək ki, Dünya çempionatının bürünc mükafatçısı olan Nicatla bağlı xəbər redaksiyamıza hələ 2 həftə bundan öncə daxil olmuşdu. Lakin məsələni milli komandamızın baş məşqçisi Ağayar Axundzadə ilə dəqiqləşdirdiyimizdə xəbəri təsdiq etsə də informasiyanı hələ yarış gününədək yaymamağı xahiş etmişdi. Bu da məşqçinin taktiki planları ilə bağlı idi. Biz də komandanın işinə zərər vurmamaq, məşqçinin planlarını pozmamaq üçün ona verdiyimiz sözü tutaraq xəbəri məhz bu gün oxucularımızla bölüşməyə razılıq vermişdik.

Xəbər 1490 dəfə oxundu.