Messi yaxşıdır, ya Müller?
Rekord isə zambiyalının imiş

Son zamanlar futbol aləminin əsas hadisələrindən biri Lionel Messinin rekordlarıdı. Ən əası da Gerd Müllerin bir təqvim ilinə qol rekordunun təzələnməsir. «Betis»lə oyunda argentinalı dubl edərkən alman ulduzun 1972-ci ildəki 85 qolunu əvvəl təkrarladı, sonra yenilədi. «Kordova» ilə kubok matçında isə dublu ilə bu rəqəmi 88-ə çatdırdı. Lakin indi məlum olur ki, Messi heç də rekord vurmayıb. Çünki heç Müllerin rekordunun özü olmayıb.

Zambiya futbol Federasiyası bir təqvim ilinə qol rekordunun onların hücumçusu Qodfri Çitaluya aid olmasına sübutlar təqdim etməyə hazırlaşır. Məmurlar futbolçunun məhz elə həmin 1972-ci ildə 107 qol vurduğunu iddia edirlər. Zambiya Futbol Federasiyasının nümayəndəsi Maykl Mvapenin bəyanatında bunlar qeyd olunur: Biz arxiv məlumatlarını yoxlamaq üçün xüsusi komissiya yaratmışıq. Nəticələri Afrika Futbol Konfederasiyasına və FİFA-ya təqdim edəcəyik. Biz göstərmək istəyirik ki, həqiqi rekordçular nə Müllerdir, nə də Messi».

1968-ci ildə Çitalu 81 qol vurmuşdu. 4 il sonra isə öz nailiyyətini yaxşılaşdırdı. 5 dəfə Zambiyanın ən yaxşı futbolçusu seçilib və karyerasını 1982-ci ildə başa vurub. Çitalu 1993-cü ildə 45 yaşında ikən dünyasını dəyişib.
Üstəlik hələ braziliyalılar da, Çitalu ilə ayaqlaşa bilməsələr də, Messi və Müllerin nailiyyətlərinə kölgə salaraq Zikonun 1979-cu ildə 89 qol vurduğunu iddia edirlər.
Lionel Messi və Gerd Müllerə gəldikdə isə, argentinalı qol sayında önə keçdikdən sonra bu iki fərqli dövrlərin ulduzunun hansının daha yaxşı olması barədə mübahisələr genişləndi. Rəqəmlər isə Müllerin tərəfindədir.

Messi 88 qolunu 67 oyuna vurubsa, Müller 85 qolu 60 oyunda rəqib qapılarından keçirib. Belədə, argentinalıya orta göstərici 1,31 qol düşür, almana 1,42.
88 qoldan 15-ə yaxınını Messi penaltidən vurub. Müller isə ümumiyyətlə, penalti vurmayıb.

Tərəf müqabillərinə də nəzər salaq. Çoxları əmindir ki, həmklubları Andres İnyesta və Xavisiz Messi belə nəticəyə çata bilməzdi. Bu fikrə əsas kimi də Argentina yığmasındakı oyunu gətirilirdi. Lakin yığmadakı builki oyunu ilə Messi həmin fikri təkzib etdi və 9 oyuna 12 qol vurdu. Müllerin burada üstünlüyünün olduğunu demək olmaz. Ona yoldaşları həm klubda kömək edirdilər, həm yığmada. Tək elə Frans Bekkenbauerin adını çəkmək kifayətdir.

Xəbər 993 dəfə oxundu.