Xatirələrin həzinliyi və ya müsyo prezident üçün qutablar
2-ci yazı
Joao Avelanjı Respublika stadionunun idman sarayının girişində qarşıladıq. Mətbuat mərkəzi böyük oyun zalında təşkil olunmuşdu. Qonağı jurnalistlərlə görüşə dəvət etdik. O, FİFA məmurlarından, onlara Moskvada və Bakıda qoşulmuş irisifət partiya kahinlərindən, eləcə də idman funksionerlərindən, hələ hər işə müdaxilə edən komsomol və həmkarlar ittifaqı nümayəndələrini demirəm, ibarət heyətin müşayiəti ilə gurultulu reportajlar və darıxdırıcı resenziyalar yazılan stollara tərəf təntənə ilə adladı. Yolüstü meksikalı və paraqvaylı jurnalistlərlə bir neçə kəlmə kəsdi, rabitə qovşağına yaxınlaşıb, növbətçi telefonçu qızdan (indi hər yeri bürümüş mobil telefonlar o vaxtlar yox idi, teleksli fakslar yenicə həyatımıza daxil olurdu) soruşdu ki, misal üçün, Londonla söhbəti çoxmu gözləmək lazımdır? Qızın "Yarım dəqiqə, çox yox" cavabından sonra bu sualı Rio-de-Janeyro barədə verib, eyni cavabı aldıqda, son dərəcə məmnun qaldığı məlum oldu.
Artıq lanç vaxtı yaxınlaşırdı, onun qida rejiminə dəqiq riayət etməsi barədə əvvəlcədən xəbərdar olunmuşdum, amma moskvalı dostlarım qulağıma onu da pıçıldamışdılar ki, yeməkdən əvvəl bir badə soyuq araqdan imtina etmir, şəraba gəldikdə isə, adətən, üstünlüyü ağ rəngə verir.
Buz kimi "Sadıllı" (bu yaxınlarda mən bütün Bakını gəzib, heç bir mağazada bir şüşə belə tapa bilmədim) sifarişimizlə xüsusi olaraq FİFA prezidenti üçün yaxşıca qızardılmış qutablarla yaxşı tutdu. Doğrudur, üst-üstə qalanmış qutabları Avelanjın qarşısına qoyanda, onları bir qədər ehtiyatla nəzərdən keçirdi, düm ağ süfrəyə göz gəzdirib, tanış, ona məlum olan təamlardan axtarmağa başlayanda, mən öz həmkarlarımla birlikdə inadkarlıq və bəlağətlə ona bu milli Azərbaycan yeməyinin dadına baxmağı təkid edirdik ("Dünyanın heç bir yerində siz belə şeyə rast gəlməyibsiniz").
Bu gün, həmin hadisədən 25 il sonra, tam dəqiqliyi ilə deyə bilərəm ki, Avelanj 10 qutab yedi, hər biri qadın ovcu boyda əsl ev qutabı, bizim məsləhətimizlə ət qutablarını sumağa, göyərti qutablarını isə qatığa batırırdı.
- Heç bir vaxt, dünyanın heç bir yerində mən belə ləzzətli şey yeməmişəm, - deyən FİFA prezidenti arxasından peyda olan ofisiantın uzatdığı ağ salfetka ilə barmaqlarını, dodaqlarını və çənəsini sildi. - Bu, ilahi bir yeməkdir, mən sizlərə, hər gün belə bir ləzzətli təamdan dadmaq imkanı olan insanlara qibtə edirəm. Təşəkkür edirəm, siz mənə həyati bir həzz bəxş etdiniz.
Sonra mətbuat konfransına yollananda və stol arxasında öz yerlərimizi tutanda, FİFA prezidentinin mətbuat konfransının (ancaq bir saat, bir dəqiqə belə artıq olmaz) gedişində suallara cavab verərkən, Joao Avelanj mənalı tərzdə mənə tərəf baxırdı. Suallara ayrılmış 60 dəqiqə bitdikdən sonra, FİFA prezidenti ümumiyyətlə futbol və konkret olaraq yeniyetmələrin dünya birinciliyində baş verənlər barədə fikirlərini bildirdi və əlavə olaraq çatdırdı ki, "sizdə vəziyyət mənim bura uçub gəldiyim şəhərdən xeyli yaxşıdır". Akkreditasiya olunmuş həmkarlarım onları maraqlandıran suallara cavab aldıqdan sonra mən, nəhayət, mikrofonu söndürdüm. Bu vaxt Avelanj zaldan ona tərəf yaxınlaşan Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının prezidenti Toqay Bayatlıya (T.Bayatlı - hazırda Türkiyə Milli Olimpiya Komitəsinin prezidentidir - red.) nə isə pıçıldadı. O isə gülərək mənə tərəf dönüb, türkcə soruşdu:
- Düzünü de, Aqşin bəy, sən nə etmisən ki, senyor Avelanj heç cür özünə gələ bilmir? Onu nəyə qonaq etmisən?
Mən: "Qutaba" dedim və Bayatlı bir həmkar kimi məni anladığını başının hərəkətilə bildirdi və onun sözlə dediklərini sizə bacardığım qədər olduğu kimi çatdırmağa çalışacağam: "Qutabların dadı onun ağzından uzun müddət getməyəcək".
Əlbəttə, Joao Avelanj bu sözlərdən heç nə başa düşmədi, amma böyük şövqlə əlini silkələməklə hisslərini bütün dolğunluğu ilə izhar etməyə başlayanda, anladım ki, biz quşu gözündən vurmuşuq.
Mətbuat konfransından sonra, mərkəzi tribunaya tərəf irəlilədikcə, Avelanjın hər addımında dodaqlarından ingiliscə "Veri qud" və fransızca "Mersi Baku" kəlmələri qopurdu (təkcə bir dəfə dəsmalla alnını silib özü öz sözünü kəsdi: "Havanız çox istidir, çox" dedi). Hətta MK katibləri ilə mərkəzi tribunanın sərin guşəsində belə şən söhbətlərini davam etdirir və barmağını mənə tərəf tuşlayırdı.

Xəbər 2279 dəfə oxundu.