Hizer Boun: “Qızıl set”də bizim heç bir şansımız olmadı - MÜSAHİBƏ
“Azərreyl”in sabiq voleybolçusu Hizer Boun Rusiyanın “R-Sport” saytına müsahibə verib. İdman.com.az-ın məlumatına görə, amerikalı blokçu Azərbaycan karyerası barədə də danışıb. O hazırda çıxış etdiyi Kazan “Dinamo”suna keçidindən və ötən il “Azərreyl”in heyətində həmin komandaya Çempionlar Liqasındakı məğlubiyyətindən söhbət açıb. Müsahibəni ixtisarlarla təqdim edirik.

- “Azərreyl”də oynadığınız vaxt əsas heyətin daimi üzvü idiz. “Dinamo”da isə sizdən başqa 2 blokçu var. Kazandakı durumunuzla barışmısızmı?
- Heç bir problem yoxdur. Mən müqavilə imzalayanda hara getdiyimi yaxşı bilirdim. Məşqçilər mənə hər şeyi izah etmişdilər.

- Kaliforniyada anadan olub, uzun müddət Havay adalarında yaşamısız. Sonradan İtaliya və Azərbaycanda oynamısız ki, orada noyabrda da +20 dərəcə isti olur. Kazanda isə artıq qışdır. Özünüzü necə hiss edirsiz?
- Neçə aydır ki, mən bu qarı gözləyirdim. Qarın belə gec yağması məni təəccübləndirirdi və məyus edirdi. Ötən il Bakıda da qar çovğunu görmüşdüm. Hamı havanın pisliyindən şikayətlənirdi, mən isə şəhərin necə gözəlləşdiyinə sevinirdim. Ətrafda hər şey ağappaq idi. Günün işığı altında qar elə parıldayırdı ki, göz çəkmək olmurdu.

- Komandanızı tez-tez dəyişməyinizi nə ilə əlaqələndirirsiz?
- İtaliyada bu hal tez-tez baş verir. Çünki bir ölkədə oynayıramsa, oranın daha çox şəhərlərində olmaq istəyirdim. Sonra isə ölkəni dəyişməyə qərar verdim. Bu vaxt Türkiyə variantı çıxdı. Bundan sonra bir neçə həmyerlimin çıxış etdiyi Bakı klubunda oynamaq imkanım yarandı. Kazanda isə elə çoxdan çıxış etmək istəyirdim. Amma heç cür alınmırdı. Düşünürdüm ki, Türkiyə və Azərbaycanda oynamaqla, Rusiyaya uyğunlaşmağım asan olar. Elə belə də oldu.

- Ötən il Çempionlar Liqasında “Azərreyl”in heyətində “Dinamo” ilə oynayıb, “Qızıl set”də uduzduz. Oyunboyu komandanız yaxşı təsir bağışlasa da, son anda nə baş verdiyi bilinmədi...
- Mən özüm də başa düşmədim. Qamova və Larson oyunlarını tapıb, bizim komandamızı “əzdilər”. Bu çox üzücü məğlubiyyət idi. Oyundan sonra Cordanla danışanda o çox pis oynadıqlarını deyərək, üzgün görünürdü. Mən isə ona dedim ki, belə pis oynayırdızsa, “Qızıl set”də də belə davam edərdiz. “Dinamo”nun gücü də məhz lazım olan anda artırmağındadır. “Qızıl set”də bizim heç bir şansımız olmadı.

Xəbər 971 dəfə oxundu.