Naxçıvan turnirində 11 ölkənin şahmatçıları yarışacaqlar
Aprelin 23-dən mayın 1-dək Naxçıvan şahmat mərkəzində keçiriləcək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş kişilər, qadınlar və veteranlar arasında beynəlxalq turnirin iştirakçıları məlum olub. Yarış "A" və "B" turnirlərindən ibarət olacaq. "A" turnirində 56 iştirakçı olacaq.
Bu turnirdə Azərbaycan, Belarus, Macarıstan, Ukrayna, Özbəkistan, Gürcüstan, İspaniya, Rusiya, İsrail, Niderland və Çin şahmatçıları iştirak edəcəklər. Yarışa xaricdən qatılan iştirakçılar arasında Fransisko Valyexo (İspaniya), Vanq Yu (Çin), İvan Sokolov (Niderland), Zoltan Almaşi (Macarıstan), İlya Smirin (İsrail) kimi tanınmış şahmatçıların adları var. Turnirin reytinq favoriti Van Yudur (əmsalı - 2734). Valyexo ilə Almaşi də 2700-dən yuxarı əmsala malik iştirakçılardır. Azərbaycanı bu mötəbər festivalın əsas turnrində beynəlxalq qrossmeysterlər Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli, Azər Mirzəyev, Fərid Abbasov, Namiq Quliyev, Rəsul İbrahimov, Vasif Durarbəyli, Nicat Abbasov, Sərxan Quliyev və digərləri, ümumilikdə 34 şahmatçı təmsil edəcək. Onların sırasında 9 qadın şahmatçı, o cümlədən Zeynəb və Türkan Məmmədyarovalar, Xəyalə İsgəndərova, Nərmin Kazımova, Gülnar Məmmədova, Nərgiz Umudova və başqaları olacaq.
"B" turnirində 107 iştirakçı olacaq. Onların 106-sı Azərbaycan şahmatçıları və yalnız biri Gürcüstan təmsilçisidir.
Xatırladaq ki, turnir İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq. Turnirin ümumi mükafat fondu 66 min 500 ABŞ dollarıdır.

Xəbər 1576 dəfə oxundu.