“Rabitə”dən Çempionlar Liqasında maksimun nəticə
Bu gün “Rabitə” Çempionlar Liqasında qrup mərhələsinin sonuncu oyununa çıxıb. İdman.com.az saytının məlumatına görə, pley-offa vəsiqəni qrup qalibi kimi təmin edən Bakı təmsilçisi Çexiyanın “Agel” klubunu sınağa çəkib.

Komandamız gözlənilən kimi asan qələbəyə sevinib. Belə ki, ilk texniki fasiləyə 4 top öndə yollanan voleybolçularımız ardınca rəqibin müqaviməti ilə üzləşsələr də, ikinci texniki fasilədə yenə öndə olublar – 16:14. Bundan sonra isə komandamız “Agel”ə öz gücünü göstərməyə başlayıb. Nəticədə “Rabitə” ilk seti 8 xal fərqi ilə öndə bitirib.

Bakıya gələnədək autsayderliklə barışan rəqib ikinci hissədə daha aktiv olub. Azərbaycan çempionunun əsasən ehtiyat qüvvəyə güvənməsindən istifadə edən çexiyalılar hətta setin əvvəllərində irəli çıxmağı da bacarıblar – 8:6. Lakin Marçello Abbondanzanın taym-autu qarşılaşmanın gedişini dəyişib. Hesabı bərabərləşdirən (13:13) “Rabitə” sonda bu seti də qazanıb.

Növbəti hissə isə komandamız üçün daha asan alınıb. Azarkeşləri üçün şou göstərən “Rabitə” 3-cü setdə 25:15 hesabı ilə qalib gəlib.

Beləliklə, qrup mərhələsində 6-cı oyununu da 3 xalla başa vuran “Rabitə” Çempionlar Liqasında rekordunu yeniləyib - 18 xal! Onlar mövsümdə 100 faizlik nəticəyə imza atan yeganə komanda olublar.

Xəbər 1150 dəfə oxundu.