Dünyanın ən güclü klub məşqçilərinin növbəti reytinq siyahısı açıqlanıb
Dünyanın ən güclü klub məşqçilərinin növbəti reytinq siyahısı açıqlanıb. Siyahıda Azərbaycandan 4 mütəxəssis yer alıb.

Onlar arasında ən yaxşı nəticə Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevə məxsusdur. Komandası Avropa Liqasının qrup mərhələsinin son oyununda İtaliyada “İnter”lə heç-heçə (2:2) edən mütəxəssis sıçrayışa nail olub. İndi Hacıyev 580 xalla 731-ci pillədədir. Ötən həftə ilə müqayisədə hesabına 141 xal əlavə edən çalışdırıcı 98 pillə irəliləyib.

Hacıyevin “Neftçi”dəki köməkçisi Tərlan Əhmədov 365 xalı olan məşqçi 881-ci yerə yüksəlib. O, 3 pillə irəliləyişə nail olub. Artıq istefaya göndərilən Yunis Hüseynov (“Xəzər Lənkəran”) və Novruz Əzimov da siyahıda yer alıblar. Onlar müvafiq olaraq, 1073-cü (164 xal) və 1292-ci (38 xal) pilləni tutub. Hüseynov 1 pillə geriləyibsə, Əzimov 5 addım irəliləyib.

Ölkəmizdə çalışan əcnəbi mütəxəssislərdən də siyahıda yer alanlar var. “İnter”in gürcüstanlı çalışdırıcısı Kaxaber Sxadadze 316 xalla 917-ci yerdədir. Sxadadze son 1 həftədə 4 pillə irəliləyib.

Siyahıya isə portuqaliyalı Joze Mourinyo başçılıq edir. İspaniya “Real”ının çalışdırıcısı 14.765 xala malikdir. Madrid “Atletiko”sunun çalışdırıcısı Dieqo Simeone 13.920 xalla 2-cidir. Digər ispan klubu “Barselona”nın sabiq baş məşqçisi Xosep Qvardiola isə ilk “üçlük”dən kənarlaşdırılıb. Onu bu pillədən “Bavariya”da çalışan Yupp Haynkes çıxarıb. Almaniyalının hesabında 13.090 xal var.

Xəbər 940 dəfə oxundu.