“Dresdner” – “Azərreyl” oyunu Bakı təmsilçisi üçün əlamətdar olacaq
Sabah Çempionlar Liqasının qrup mərhələsinin VI turunda keçiriləcək “Dresdner” (Almaniya) – “Azərreyl” (Azərbaycan) oyunu Bakı təmsilçisi üçün əlamətdar olacaq. Paytaxt klubu avrokuboklarda yubiley – 100-cü matçına çıxacaq ilk Azərbaycan komandası kimi tarixə düşəcək.

“Dresdner”lə matçadək hesabında 99 qarşılaşma olan “Azərreyl” bu görüşlərdən 61-də qalib gəlib, 38-də məğlub olub. Yubiley oyunu ərəfəsində təmsilçimiz set fərqində də böyük üstünlüyə malikdir – 226-156.

Paytaxt klubunun avrokuboklarda keçirdiyi qarşılaşmaların böyük hissəsi Çempionlar Liqasına təsadüf edib – 64. “Azərreyl” bundan başqa, qitəmiqyaslı daha 3 turnirin iştirakçısı olub. Bunlardan “Top-komandalar kuboku” və “Çelenc Cup”ı qazanan “dəmiryolçular” Çempionlar Liqasının da “Dördlər finalı”da da oynayıb.

Qeyd edək ki, “Azərreyl” avrokubokda ilk oyununu 2001-ci il oktyabr 7-də keçirib. “Top-komandalar kuboku”na təsadüf edən həmin matça “dəmiryolçular” Bolqarıstana səfər edərək, “Levski Sikonko”ya qarşı oynayıblar. Matç komandamızın 2:3 (17:25, 25:19, 22:25, 25:20, 13:15) hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Xəbər 944 dəfə oxundu.