Futzal üzrə milli komandaların reytinq cədvəli açıqlanıb
Futzal üzrə milli komandaların reytinq cədvəli açıqlanıb. Ötən ay açıqlanan reytinqlə müqayisədə siyahının ilk “20-liy”ində heç bir dəyişiklik olmayıb.

Braziliya yığması dünya reytinqində ilk pillədə qərarlaşıb. Cənubi amerikalıların hesabında 1981 xal var. İspaniyalılar 1974 xalla 2-ci, İtaliya 1791 xalla 3-cü mövqeyini qoruyub. Azərbaycan yığması isə 1323 xalla dünyanın 15-ci komandası kimi 1 ay əvvəlki mövqeyini qoruyub.

Millimizin Avro-2014-ün seçmə mərhələsindəki rəqiblərindən Slovakiya 1289 xalla 17-ci, Bosniya və Herseqovina isə 1141 xalla 32-cidir.

Qalibi millimizə rəqib olacaq təsnifat mərhələsinin F qrupunda yer alan Albaniya, Norveç, İsveçrə və Danimarka isə reytinqin aşağı hissələrindədir. Belə ki, Norveç (943 xal) 53-cü, Albaniya (771 xal) 86-cı, İsveçrə (743 xal) 90-cı pillədədir. 938 xala malik Danimarka isə müəyyən olunmuş zaman kəsiyində oyun limitindən aşağı olduğu üçün reytinq siyahısından kənarda qalıb.

Qeyd edək ki, siyahıda dünyanın 107 yığması yer alıb.

Xəbər 967 dəfə oxundu.