Erikssonu Ukraynada gözləyirlər
Ukraynanın futbol hakimiyyəti ölkə yığmasına yeni baş məşqçi axtarışlarını tamamlamaq üzrədir. Bu kürsü Oleq Bloxin Kiyev «Dinamo»suna rəhbərlik etmək qərarını verdikdən sonra boşalıb. Müvəqqəti olaraq bu işi Aleksandr Zavarov aparır. Lakin Ukrayna Futbol Federasiyası onu tam olaraq baş məşqçi kimi təsdiqləmək istəmir. Federasiya artıq bu kürsüyə namizəd olan isveçli mütəxəssis Sven Qoran Erikssonla danışıqlara başlayıb. İlkin olaraq, ukraynalılar 30-a yaxın namizədi nəzərdən keçiriblər. Sonra siyahı 5-ə enib, yekunda isə isveçli mütəxəssisin üzərində dayanıblar.

İdman.com.az saytının məlumatına görə, son anlaradək Tailandın «Tero Sasana» komandasını çalışdırmış Eriksson bu işdən artıq ayrılıb.

Eriksson məşqçilik fəaliyyətini 1976-cı ildən başlayıb. Ən böyük uğurları isə 3 Portuqaliya çempionluğu, ölkə kuboku və superkuboku qazandığı «Benfika» ilə əldə edib. «Latsio» ilə İtaliyada 2 çempionluqlu və 2 kuboklu iş də uğurlu olub. 2001-2006-cı illərdə o, İngiltərə yığmasını çalışdırıb. Onun rəhbərliyi ilə futbolu yaradanlar 2002 və 2006-cı illər dünya çempionatlarında dörddəbir finaladək addımlaya biliblər. Sonra 3 mövsümə 3 kollektivə rəhbərlik edib – «Mançester Siti», Meksika yığması və «Notts Kaunti». Sonuncuda idman direktoru olub.

Eriksson Ukrayna yığmasının sükanına keçərsə, üzərinə çox ağır iş düşəcək. Komanda dünya çempionatı seçmələrində «H» qrupunda axırdan əvvəlki yerdə gedir. Qrupda lider 10 xallı Çernoqoriyadır. İkinci pillədə isə ukraynalıları 6 xal qabaqlayan ingilislərdir.


Xəbər 924 dəfə oxundu.