idman.com.az - əsas köməkçiniz olacaq!
Gələn il 80 yaşını qeyd edəcəyimiz “İdman” qəzeti təkcə öz böyük və zəngin tarixi ilə öyünmür. Kollektivimiz müasir idmanımızın təbliğində, uğur salnaməmizin yazılmasında da fəal iştirak edir. Redaksiyamız idman tariximizin yazılmasında böyük əhəmiyyəti olan bir çox kitabların, eləcə də aylıq idman bülletenlərinin və digər buraxılışları nəşrə hazırlayıb. Əlbəttə bütün bunlar Gənclər və İdman Nazirliyinin bilavasitə köməyi ilə həyata keçib.
2 aprel 2011-ci il. Bu tarixdə idman qəzeti daha bir layihəsini reallaşdırdı – www.idman.com.az
Əlbəttə, deyə bilərsiniz ki, 2011-ci ildə, elektron dünyamızda, az qala hər kəsin şəxsi saytı olduğu bir vaxtda bunun nəyi uğurdur ki?
Amma inanın ki, bu gündən Sizə təqdim etdiyimiz bu sayt “İdman” qəzetinin elektron səhifəsindən çox, indiyədək heç bir saytda görmədiyiniz üstünlükləri ilə hər birinizə ən böyük köməkçi olacaq. Saytımız daha çox Azərbaycan idmanının məlumat-informasiya bazası rolunu oynayacaq. Siz heç bir saytda tapa bilmədiyiniz istənilən informasiyanı buradan tapa biləcəksiniz. İstər idman tariximiz, istər bu sahə ilə bağlı qanunvericilik, fərman və sərəncamlar, kitablar, istər müxtəlif illərdə qazanılmış medallar və onların sahibləri. Ümumiyyətlə, Azərbaycan idmanı ilə bağlı axtardığınız hər bir məlumatın məkanı www.idman.com.az olacaq.
Bu hələ son deyil. Saytda axtardığınız lakin əldə edə bilmədiyiniz hər hansı başqa bir məlumatı, fotoşəkli və ya keçmişə aid hansısa bir informasiyanı da bizdən əldə edə biləcəksiniz. Necə? Sadəcə olaraq, saytda göstərilən elektron ünvana məktub yazmaqla qısa zamanda istədiyiniz cavabı ala bilərsiniz. Bütün bunlar isə tamamilə təmənnasız olacaq. Cünki hər kəsin Azərbaycan idmanının dünəni və bu günü haqda daha çox məlumata malik olması bizim əsas ideyamızdır. Bu da bizim əsas fərqimizdir.
Lakin saytımızın fəaliyyəti təkcə yuxarıda sadaladıqlarımla məhdudlaşmır. “İdman” qəzetinin yeni saylarını da burada oxuya bilərsiniz. Bundan başqa Azərbaycan idmanı ilə bağlı gündəlik informasiyaları operativ olaraq saytımızın əsas səhifəsində oxuya biləcəksiniz.
Bir sözlə istər idman azarkeşi olsun, istər idmançı, istərsə də bu sahədə çalışan mütəxəsis – hər kəsin axtardığı sayt məhz www.idman.com.az olacağına inanıram.
Elə isə, uğurlar olsun!

Xəbər 3365 dəfə oxundu.