Benitesin 3-cü cəhdi
Dünən Yaponiyada klublararası dünya çempionatı başlayıb. İdman.com.az saytının məlumatına görə, turnirə Yokohamada təşkilatçı ölkədən «Sanfreççe Hirosima» ilə Okeaniya zonasınçın ən yaxşı klubu olan Yeni Zelandiyanın «Oklend»i arasında matçla start verilib. 1:0 hesabı ilə qalib gələn yaponlar növbəti mərhələyə adlayıblar.

Ümumiyyətlə, builki turnirdə açıq favoritin olduğunu söyləmək çətindi. Belə ki, Avropanın ən yaxşısı «Çelsi» heç də ən yaxşı vəziyyətində deyil. Ona ən ciddi rəqib Libertadores klubunun sahibi olan Braziliya «Korintians»ıdı. Bu komanda ulduzsuz olsa da, kifayət qədər balanslaşmış və möhkəmdi. «Korintians» Braziliya çempionatında 5-ci yerlə kifayətlənməli olsa da, iyunda Libertadores kubokunu qazanmış heyəti əsasən qoruyub saxlayıb. Gedənlər yalnız Qətər «Al-Qaraf»ına keçən Aleks və indi «Roma»da oynayan mərkəz müdafiəçisi Leandro Kastandı. Hücumçulardan Liedson «Flamenqo»ya, Villian isə Xarkov «Metallist»inə keçsələr də, komandanın oyununda onlar heç də aparıcı rol oynamırdılar. Üstəlik komanda son aylarda argentinalı hücumçu Xuan Manuel Martines, uzun müddət Portuqaliya «Sportinq»ində oynamış müdafiəçi – 2002-ci ilin dünya çempionu Anderson Polqa və Peru yığmasının lideri Paolo Gerrero ilə güclənib.

Əlbəttə ki, komandada Neymar kimi ulduz çatışmır. Lakin Neymarlı «Santos»da «Barselon»ayla rəqabət apara bilməyib 0:4 hesabıyla yenilmişdi.

«Çelsi» bu yarışa yeni baş məşqçisi Rafael Benitesin rəhbərliyi altında gəlir. Komandanın gərəksiz son Çempionlar Liqası matçındakı qələbəsini nəzərə almasaq, oyunda və nəticədə yeni baş məşqçi ilə heç bir müsbət tərəf görünmür. İspan mütəxəssis iki il öncə «İnter»lə dünya klub çempionatını qazanarkən də bənzər vəziyyətdə idi. Tezliklə o, komandasını Çempionlar Liqası qrupundan çıxara bilsə də, amansızcasına qovulmuşdu. Nəticədə Benites Milanda beynəlxalq mükafat qazansa da, şöhrət tapmadı və son təyinatınadək heç yanda işləmirdi də. Belə görünür, hətta Yaponiyada zəfər də ona heç nə verməyək. Sadəcə bu oyunlarda komanda heyəti sınayıb özünə inam da qazana bilər.
Dünyanın klub çempionat ənənəvi olaraq qəliz quruluşda keçirilir. Bu sistem iki favoritin – Avropa və Cənubi Amerika təmsilçisinin işlərini asanlaşdırır. Onlar turnirə yarımfinaldan başlayır və maksimum 2 oyun keçirirlər.

İlk oyunda «Oklend»i Aoyamanın qolu ilə üstələyən təşkilatçı ölkə təmsilçisi – «Sanfreçe Hirosima» əsasən yapon futbolçulardan təşkil olunub. Legionerlər yalnız koreyalı Xvan Sek-Ho və xorvat Mixael Mikiçdir. Yapon klubu indi yarımfinala çıxmaq üçün ayın 9-da Misir təmsilçisini yolundan kənarlaşdırmalıdı və bu matçın qalibi də yarımfinalda «Korintians»a çıxacaq.

«Çelsi»yə rəqib isə Asiya və KONKAKAF mübarizəsindən – Koreya «Ulsan»ı və Meksika «Monterrey»i arasından seçiləcək. «Ulsan»ın heyətində 3 legioner var – braziliyalı forvardlar Maranyao və Rafinya, eləcə də kolumbiyalı havbek Xulian Veles. «Monterrey»in heyəti daha ciddidi. Komandanın sükançısı Viktor Vusetiç Meksika çempionluğunu sn 20 ildə 4 fərqli komanda ilə qazanıb. Komandanın liderləri arasında ekvadorlu müdafiəçi Valter Ayovi və çilili forvard, klubun tarixinin ən yaxşı bombardiri Umberto Suaso var.

Hazırkı turnir sayca 9-cudur. Birincisi 2000-ci ildə Braziliyada o vaxtkı Qitələrarası kubokun alternativi kimi keçirilmişdir. İlk turnirin qalibi «Korintians» ta bu ilə kimi sonrakı 12 ildə turnirə yol tapa bilmirdi. Sonradan turnir Yaponiyada, 2009, 2010-cu illərdə isə Birləşmiş Ərəb Əmirliklərində keçirilib. Qarşıdakı 2 turnir isə Mərakeşdə keçiriləcək. Turnirin ilk 3 qalibi braziliyalılar olsa da, son 5 turnirdə mükafat Avropaya gəlir. Maraqlıdı ki, 2005-ci ildə finalda «San Paulo»nu yenən «Liverpul»un da sükanında Rafael Benites idi. Beləcə, indi o, 3-cü cəhdinə çıxacaq. İki il öncə onun «İnter»i finalda Konqo «Mazembe»sini yenmişdi. «Mazembe» turnirin tarixində Avropa və Cənubi Amerikadan olmayan yeganə finalçıdır.

Dünya klub çempionatının təqvimi

Oyun №1. 6 dekabr. 15:45. «Sanfreççe Hirosima» — «Oklend». 1:0 (Aoyama, 66)
Oyun №2. 9 dekabr. 12:00. «Ulsan» - «Monterrey»
Oyun №3. 9 dekabr. 15:30. «Sanfreççe Hirosima» – «Əl-Əhli»
5-ci yer uğrunda oyun. 12 dekabr. 12:30.
Yarımfinal. 12 dekabr. 15:30. №3-ün qalibi – «Korintians»
Yarımfinal. 13 dekabr. 15:30. №2-nin qalibi – «Çelsi»
3-cü yer uğrunda oyun. 16 dekabr. 12:30.
Final. 16 dekabr. 15:30.

Dünya klub çempionatının bütün finalları

2000 (Braziliya). «Korintians» - «Vasko da Qama». 0:0 (4:3-pen.)
2005 (Yaponiya). «San Paulo» - «Liverpul». 1:0
2006 (Yaponiya). «İnternasyonal» - «Barselona». 1:0
2007 (Yaponiya). «Milan» - «Boka Xuniors». 4:2
2008 (Yaponiya). «Mançester Yunayted» - LDU. 1:0
2009 (BƏƏ). «Barselona» - «Estudiantes». 2:1-ə.v.
2010 (BƏƏ). «İnter» - «Mazembe». 3:0
2011 (Yaponiya). «Barselona» - «Santos». 4:0

Xəbər 915 dəfə oxundu.