“Dnepr” AİK matçında meydan sahibləri 4:0 hesablı qələbə qazanıb
Avroliqanın son turunda keçirilən oyunlarından “Dnepr” (Ukrayna) – AİK (İsveç) matçında meydan sahibləri 4:0 hesablı qələbə qazanıb. Dnepropetrovskda keçirilən qarşılaşmada vaxtilə “Qarabağ”da oynamış futbolçunun da darmadağında rolu olub.

Belə ki, 2005/06 mövsümünün ilk yarısında “Qarabağ”ın şərəfini qorumuş Sergey Kravçenko 86-cı dəqiqədə Stokholm klubunun darmadağınında son nöqtəni qoyub. O ilk dəfə Avroliqanın qrup mərhələsinin oyununda 90 dəqiqə meydanda olub. Maraqlıdır ki, 29 yaşlı yarımmüdafiəçi bundan öncə də AİK-ə qarşı forma geymişdi. Ukraynalı futbolçu İsveçdə keçirilən ilk oyunun (3:2) 79-cu dəqiqəsində həmyerlimiz Aleksandr Əliyevin yerinə meydana daxil olmuşdu. Kravçenko uzatma dəqiqələrində vaxtı uzatdığına görə sarı vərəqə də almışdı.

Qeyd edək ki, Kravçenko o dövr üçün ölkəmizə gəlmiş azsaylı səviyyəli legionerlərdən biri olub. O, “Qarabağ”a ağdamlıların digər sabiq futbolçusu Denis Sokolovskinin məsləhəti ilə “Şaxtyor”un əvəzedicilərindən gəlmişdi. Sonradan 2005/06 mövsümündə 4 ay ərzində keçirdiyi 12 oyunda (3 qol) Kravçenko millimizdən də dəvət almışdı.

Ancaq bu təklifdən imtina edən Sergey qışda “Qarabağ”ı tərk edərək daha az pul müqabilində “Vorskla”ya keçmişdi. Sonradan Kiyev “Dinamo”sunda belə çıxış edən futbolçu Ukrayna millisində də oynamaq imkanı qazandı. 2008-ci ildə Lvovda yığmasının Polşaya vurduğu qolun müəllifi məhz odur.

Xəbər 943 dəfə oxundu.