Boksçumuzu İrəvanda sıxdılar
Ermənistan paytaxtı İrəvanda gənc boksçular arasında dünya çempionatında bu gün yarımfinal görüşləri keçirilib. İdman.com.az saytının məlumatına görə, rinqə çıxan idmançılar arasında həmyerlimiz Pərviz Bağırov (64 kq) da olub.

2 gün öncə yarımfinala yüksəlməklə, özü üçün bürünc medalı təmin edən Avropa çempionumuz qvatemalalı Lester Normandi Martines Tutla döyüşüb. Amma görüş həmyerlimiz üçün yaxşı alınmayıb. Təbii ki, hakimlərin sayəsində.

O, ilk raundda rəqibinə dəqiq zərbələr vursa da, referilər fərqli nəticə çıxarıblar - 1:3. İkinci hissədə həmyerlimiz irəli atılıb. Bu dəfə hər boksçunun 5 dəqiq zərbəsi qeydə alınıb. İdmançımız xeyli güc sərf etdiyindən, sonuncu raund onun üçün çətin keçib. Yekunda Pərviz 9:13 hesabı ilə uduzub.

Xəbər 1117 dəfə oxundu.