Karateçilər dünya çempionatından 3 medalla döndülər
Fransanın paytaxtı Parisin “Bersi“ stadionunda karate üzrə 21-ci dünya çempionatı keçirilib. İdman.com.az saytının məlumatına görə, turnirlərdə 113 ölkədən mindən artıq idmançının yarışını, 3 azərbaycanlı da daxil olmaqla, 200 hakim idarə edib.

Azərbaycan karateçiləri yarışda 2 gümüş və 1 bürünc medal qazanıblar. Ümumi komanda hesabında yığmamız 113 ölkə arasında 8-ci yeri tutub.

Dəfələrlə Avropa və dünya çempionatlarında müvəffəqiyyətlə çıxış etmiş idmançımız Rafael Ağayev qızıl medala yaxın namizəd idi. Finalda o, italiyalı rəqibi ilə görüşüb. Hər iki idmançı xal qazanmasa da, hakimlər qələbəni yarışda daha fəal olan italiyalı idmançıya veriblər. Rafael Ağayev çempionatın gümüş medalına sahib olub.

2010-cu ildə keçirilmiş dünya çempionatında bürünc medal qazanmış Şahin Atamov bu dəfə nəticələrini yaxşılaşdırıb. 84 kiloqramdan artıq çəki dərəcəsində çıxış edən Şahin finalda türkiyəli rəqibinə məğlub olaraq, komandamıza ikinci gümüş medal qazandırıb.

Gənclər arasında keçirilən yarışlarda Avropa və dünya çempionu olmuş idmançımız Ayxan Mamayev bu il ilk dəfə yaşlılar arasında gücünü sınayıb. Karateçimiz ona göstərilən etimadı doğruldub. Yarımfinalda Niderlanddan olan rəqibini məğlub edən Ayxan Mamayev öz çəki dərəcəsində çempionatın bürünc medalını qazanıb.

Xəbər 3338 dəfə oxundu.