İlk dəfə ən yüksək dərəcə
Azərbaycanın bədii gimnastika üzrə hakimləri Natalya Bulanova və Leyla Qəmbərovaya növbəti olimpiya dövrəsi üçün yeni beynəlxalq kateqoriyalı hakim dərəcələri verilib. İdman.com.az saytının məlumatına görə, N.Bulanova artıq ali beynəlxalq kateqoriya – 1-ci breve dərəcəsi alıb. Azərbaycan milli gimnastika tarixində ilk dəfədir ki, ölkəmizi təmsil edən hakimə belə yüksək dərəcə verilir. Bu fakt bir daha göstərir ki, Bulanovanı ölkəmizdə ən ədalətli hakim adlandırmış Milli Olimpiya Komitəsi düzgün seçim edib.

Bu barədə qərar hakimlərin Buxarestdə keçirilmiş qitələrarası kurslarının yekununa əsasən qəbul edilib. Beynəlxalq Gimnastika Federasiyasının Bədii Gimnastika üzrə Texniki Komitəsinin təşkil etdiyi seminarda N.Bulanova yeni qaydalara dair təcrübi kurs keçib və test imtahanını uğurla verib. Kurslarda iştirak edən 119 müdavimdən yalnız 27-nə birinci kateqoriya verilib. Onların arasında Azərbaycan nümayəndəsi də var. Qalan 26 müdavimin əksəriyyəti Avropanı və yalnız 4-ü Asiyanı təmsil edir.

Birinci kateqoriyalı hakim kurslarda əldə etdiyi bilikləri yaxın vaxtlarda öz həmkarları ilə bölüşəcəkdir. Bu barədə N.Bulanova deyir: “Dekabrın 6-8-də mən yerli hakimlər üçün seminar keçirəcək, orada bədii gimnastika sahəsində bütün yeniliklər barədə ətraflı məlumat verəcəyəm. Bu kursun dinləyiciləri olmuş hakimlər gələn il təxminən martın ortalarında Bakıda keçiriləcək beynəlxalq seminarda iştirak edəcəklər”.

Qeyd edək ki, Rumıniya seminarının ikinci azərbaycanlı iştirakçısı Leyla Qəmbərova kursları bitirərək, üçüncü kateqoriya alıb. Lakin o, növbəti dövrədə ikinci dərəcə almaq üçün təkrar imtahan verə bilər.

Xəbər 1097 dəfə oxundu.