«Titulumuzu qorumaq üçün daha səylə çalışacağıq»
Arubanın Santa-Kruz şəhərində parataekvondo üzrə III dünya çempionatında Azərbaycan parataekvondoçuları üçün uğurla başa çatıb. 14 ölkədən 60-dək idmançının bacarığını nümayiş etdirdiyi bu yarışda milli komandamız yüksək səviyyədə çıxış edərək 15 medal qazanıb. Əldə edilən nəticələr bir daha Azərbaycan idmançılarının ən güclülərdən olduğunu sübut etdi. Komandamızın aktivinə qızıl medalları bütün rəqiblərinə qalib gələn Emil Nüsrəddinov (A6, 58 kq), Nicat Müslümov (A6, 68 kq), Hüseyn Həsənov (A8, 80 kq), Vüsət İsmayılov (A6, 80 kq), Vüqar Adışirinov (A8, 80 kq-dan yuxarı) yazdırıblar. Namiq Abbasov (A5, 58 kq), Rövşən Qəhrəmanlı (A8, 58), Anar Hüseynov (A5 68 kq), Rövşən Rzayev (A8, 80 kq), Cahangir Bayramov (A8, 80 kq-dan yuxarı) və Röyalə Fətəliyeva (A8, 49 kq) gümüş, Mahmud Səmədov (A8, 68), Əbülfəz Abuzərli (A8, 68 kq), Aleksandr Palişuk (A6, 80 kq) bürünc medal qazanıblar. Parataekvondo üzrə yığmanın baş məşqçisi Əvəz Tağıyev son illər parataekvondonun inkişafı istiqamətində görülən işlərin nəticəsi olaraq belə parlaq bir qələbənin əldə edildiyini bildirdi. Baş məşqçi ümumi hesabda birinci pillədə qərarlaşan yığmamızın üzvlərinin hər birinin yarışlarda əzmkarlıqla mübarizə apardığını qeyd etdi. «III dünya çempionatında yüksək nəticənin qazanılacağını gözləyirdik. Məşqlərimizdə parataekvondoçularımızın hər biri ilə xüsusi hazırlıq keçmişdik. Onu da deyim ki, yığmamız bundan əvvəl də dünya çempionatında yüksək səviyyədə iştirak edib. II dünya çempionatında da yığmamız ümumi hesabda birinci olmuşdu. Bu titulu qorumaq o qədər də asan deyildi. Dünya çempionatında kifayət qədər güclü idmançılar mübarizə aparırdılar», - deyə o əlavə etdi.
Xatırladaq ki, II dünya çempionatında idmançılarımız 1 qızıl, 4 gümüş, 4 bürünc medal qazanmışdılar. Budəfəki dünya çempionatında qızıl medalların sayını 6-ya çatdıran yığma üzvlərimiz bir daha sübut etdilər ki, onlar dünya parataekvondoçuları üçün ciddi rəqibdirlər. Əvəz Tağıyev söhbət əsnasında qeyd etdi ki, dünya çempionatında Rusiya, İspaniya, Fransa kimi aparıcı ölkələrin yığmaları millimiz üçün ciddi rəqib idilər və idmançılarımız əzmkarlıq, taktiki və texniki cəhətdən mükəmməl hazırlıq sayəsində bütün çətinlikləri dəf etdilər. Baş məşqçi yarışlarda iştirak edən parataekvondoçuların hər birinin medal əldə etməsini təqdirəlayiq hal kimi qiymətləndirdi.
Parataekvondo üzrə III dünya çempionatının qalibi Aynur Məmmədova ilə görüşümüz zamanı idmançı öz qələbəsi ilə qürur hissi duyduğunu bildirdi: «Dünya çempionatında zəif rəqiblər olmur. Bu yarışlarda dünyanın ən güclü idmançıları mübarizə aparmaq şansını qazanır. Dünya çempionatında iştirak edən idmançı təsadüf qələbəyə ümid etməməlidir. İdmançı həm texniki, həm fiziki, həm də psixoloji cəhətdən yüksək səviyyədə hazırlıq keçməlidir. Yığmamız yarışlarda lazımi səviyyədə çıxış etmək üçün mükəmməl hazırlaşmışdı. Keçdiyimiz məşqlər öz bəhrəsini verdi. Komandamızın üzvlərinin hər birinin medal əldə etməsi sevindirici haldır. Bu qələbə məsuliyyətimizi daha da artırdı. Növbəti dünya çempionatında titulumuzu qorumaq üçün daha səylə çalışacağıq».

Xəbər 1240 dəfə oxundu.