Xüsusi olimpiyaçıların fəaliyyətinə bir baxış
Dekabrın 1-də Xüsusi Olimpiya İcraiyyə Komitəsinin iclasında bədən tərbiyəsi və idman vasitələrindən istifadə etməklə əlil uşaqların sağlamlıqlarının bərpasına nail olmaq, taleyi zədələnmiş bu şəxslərin cəmiyyətə inteqrasiyasına yardımçı olmaq üçün görülən işlərdən, həyata keçirilən tədbirlərdən söz açıldı. Qeyd edildi ki, əqli cəhətdən zəif uşaqlar yarışlarda təkcə öz atletik bacarıqlarını nümayiş etdirməklə kifayətlənmir, cəmiyyətdə öz yerini tapmaq, bərabər səviyyədə mübarizə aparmaq şansı qazanırlar. İclasda Türkiyənin İstanbul şəhərində keçirilmiş Avropa Xüsusi olimpiya komitələrinin konfransı barədə məlumat verildi, qeyd edildi ki, konfransda Azərbaycan XOK-nun gördüyü işlərin təqdirəlayiq olduğu bildirilib.
Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev 2012-ci təqvim ilinin üç rübü ərzində keçirilən respublika və beynəlxalq yarışların nəticələri barədə məlumat verdi, başa çatmaqda olan ilin xüsusi olimpiyaçılar üçün də uğurlu olduğunu qeyd etdi. Bildirdi ki, hər il ənənəvi olaraq yaz və payız yarışları keçirilir, bu tədbirlərdə yüzlərlə əlil idmançı iştirak edir. Əlamətdar günlərə həsr olunmuş yarışların miqyası ildən-ilə genişlənir. Xüsusi olimpiyaçılar arasında ən kütləvi turnirlərdən olan «Futbol həftəsi» bütün Avropa ölkələrini əhatə edir. Azərbaycan Xüsusi Olimpiya Komitəsi çalışır ki, bu turnirdə daha çox komanda iştirak etsin. Görülən işlərin nəticəsidir, bu il yarışlara 400-dən artıq iştirakçı qatılıb. Turnirdə əlilliyi olan idmançılar sağlam futbolçularla birgə mübarizə aparıblar. Bu da onların özlərinə inamını daha da artırır, idman vasitəsilə özlərini güclü, arxayın hiss edirlər. «Əsas qələbə deyil, iştirakdır» prinsiplərinə söykənərək, hər hansı bir idman mübarizəsində iştirak etməyə can atır, «İnter», «Neftçi», «Olimpik», «Mehdiabad» və digər yığmaların 15 yaşadək futbolçuları ilə güclərini sınayırlar. Şahin müəllim dekabrın sonuna qədər payız yarışlarının başa çatacağını dedi.
Xüsusi olimpiyaçılarımız beynəlxalq yarışlarda mübarizə apararaq fərqlənməyi bacarıblar. Bu ilin aprel ayında Sloveniyanın paytaxtı Lyublyana şəhərində stolüstü tennis üzrə Avropa turnirində qitənin 21 ölkəsinin təmsilçiləri arasında Azərbaycan yığma komandası 2 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıb. Avropa turnirinə yığmamızı baş məşqçi Qulu Quliyev hazırlamışdı.
Daha bir beynəlxalq turnir xüsusi olimpiyaçılarımız üçün uğurla başa çatıb. İyul ayında İsveçin Gotenburq şəhərində yeniyetmələr arasında keçirilən GOTHİA CUP beynəlxalq turnirində B qrupunda mübarizə aparan yığmamız bütün rəqib komandaları üstələyərək birinci yerə layiq görülüb. Qeyd edək ki, yarış miqyasına görə yeniyetmələr arasında dünyanın ən böyük beynəlxalq futbol turniri hesab edilir. Qeyri-rəsmi olaraq yeniyetmələrin dünya kuboku adlandırılan GOTHİA CUP-da bu il dünyanın 80 ölkəsindən 1625 komandanın tərkibində 35 min nəfərdən çox futbolçu gücünü sınayıb. Şahin Əliyev qeyd etdi ki, bu turnirdə yığmamız ilk dəfə iştirak edirdi və xüsusi olimpiyaçıların hər il bu mötəbər yarışlarda mübarizə aparacaqları qərara alınıb. Əqli imkanları məhdud olan anadangəlmə qüsurlu əlil futbolçuların normal, sağlam futbolçularla bir turnirdə mübarizə aparmaları onların bərpasını və cəmiyyətə inteqrasiyasını sürətləndirir.
2013-cü ildə Cənubi Koreyada keçiriləcək ümumdünya Xüsusi Qış Olimpiya Oyunlarına hazırlıqla bağlı məlumat verən XOK-un prezidenti Şahin Əliyev döşəmə üzərində hokkey komandamızın yarışlarda iştirak edəcəyini bildirdi. Ölkəmizdə bu idman növünün ənənələrinin olduğunu qeyd edən Ş.Əliyev 1997-ci ildə oyunlarda iştirak edən komandamızın III divizionda ikinci, 2001-ci ildə və 2005-ci ildə üçüncü yeri tutduğunu dedi.
Xüsusi Olimpiya Komitəsinin prezidenti əqli cəhətdən qüsurlu uşaqların sağlamlığının bərpa olunması istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən söhbət açdı, belə uşaqların sağlam uşaqlarla birgə böyüməsi, normal təhsil almasının vacib olduğunu qeyd etdi. Məlumat verildi ki, «Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015)» hazırlanıb və proqramın məqsədi uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafını təmin etməkdir. Bu sahədə ölkəmizdə çox böyük işlər aparılır və XOK-da bədən tərbiyəsi və idman vasitəsilə belə uşaqların cəmiyyətə inteqrasiyasına yardımçı olur, onların fiziki və psixoloji sağlamlığı üçün lazımi tədbirlər görür.
Azərbaycan Xüsusi Olimpiya Komitəsi bir neçə ildir ki, UNİCEF-lə əməkdaşlıq edir. UNICEF və Xüsusi Olimpiya Komitəsi Azərbaycanda əlilliyi olan uşaqların dəstəklənməsi üçün bərabər imkanları təşviq etmək və idman vasitəsilə onların tam potensiallarına nail olmaqlarına yardım etmək üçün birgə Anlaşma Memorandumu imzalayıblar.
Tərəfdaşlıq əqli əlilliyi olan uşaq və gənclərin reabilitasiyası və cəmiyyətə inteqrasiyası ilə bağlı məsələlərin təşviq edilməsi üçün birgə təşviqat kampaniyasının aparılmasını nəzərdə tutur.
Əməkdaşlıq çərçivəsində ölkəmizin 10 regionunda Xüsusi Olimpiya Regional filialları yaradılıb. Bu il həyata keçirilən 6 aylıq layihədə Salyan və Göyçayda voleybol və futbol yarışları keçirilib. Yarışlarda əqli imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan xüsusi məktəb, internat uşaqları sağlam məktəbyaşlı uşaqlarla birgə voleybol və futbol bölmələrinə cəlb edilib, onların il boyu təlim-məşq prosesində iştirakı təmin edilib.
İclasda təşkilati məsələyə baxıldı, İcraiyyə Komitəsinin tərkibində dəyişiklik aparıldı.


Xəbər 837 dəfə oxundu.