Rəşad Sadıqov karyerasını yenidən Türkiyədə davam etdirməyə yaxındır
Azərbaycan milli komandasının futbolçusu Rəşad Sadıqov karyerasını yenidən Türkiyədə davam etdirməyə yaxındır. Yığmamızın 30 yaşlı kapitanı bu dəfə aşağı dəstə təmsilçisi “Dənizlispor”a keçmək üzrədir. Belə ki, yığmamızın digər üzvü Rail Məlikovun da çıxış etdiyi Dənizli təmsilçisi vaxtilə “Kayserispor”, “Kocaelispor” və “Əskişəhərspor”da oynamış müdafiəçini heyətinə qatmaqda israrlıdır.

Türkiyə mətbuatının yazdığına görə heyətini gücləndirmək üçün hərəkətə keçən “Dənizlispor” Rəşadı rənglərinə bağlamaq üçün danışıqları sürətləndirib. Futbolçu ilə artıq ilkin anlaşma əldə olunduğu və hətta Sadıqovun təklifə müsbət baxdığı da bildirilir.

Düzdür, Azərbaycan mətbuatında Rəşadın adaşı, “Neftçi”nin kapitanı Sadıqovun türkiyəlilərin hədəfində olduğu bildirilir. Amma qonşu ölkədən olan həmkarlarımızın xəbərində bu futbolçunun Sadiqov deyil, Sadıqov olduğu göstərilir. Əvvəla onlar futbolçunun atasının adını yazmağı zəruri biliblər. Həmkarlarımız “Dənizlispor”un hədəfindəki həmyerlimizin Fərhad oğlu olduğunu qeyd edir. Sadiqovun atasının adı isə Əbülfəzdir. Beynəlxalq yarışlarda hər 2 futbolçunun soyadı eyni göstərildiyindən onlar məhz atalarının adı ilə fərqləndirilir.

Bundan əlavə Türkiyə klublarında oynadığı və millidəki göstəriciləri əks olunub. Bütün bunlar isə Sadiqova deyil, Sadıqova uyğun gəlir. Çünki millidə ən çox oynayan da, Türkiyədə legioner həyatı yaşayan da millinin və “Qarabağ”ın kapitanıdır. Onun “Neftçi”dəki adaşı isə ölkədən kənarda iştirak etməyib.

Üstəlik Rəşadın peşəkar karyerasına “Turan”da başlayıb “Neftçi”də ulduzlaşdığı bildirilir. Sadıqovdan fərqli Sadiqov heç vaxt “Turan”da – “Dənizli təmsilçisinin indiki baş məşqçisi Səlahəttin Dərvəntin vaxtilə işlədiyi komandada çıxış etməyib. Hətta mütəxəssis vaxtilə apasport.az saytına verdiyi açıqlamada Sadıqova simpatiyası olduğunu bildirmişdi.

Xəbər 956 dəfə oxundu.