Futbol üzrə Rusiya və Ukrayna kubokları birləşdirilə bilər
Futbol üzrə Rusiya və Ukrayna kubokları birləşdirilə bilər. Şərqi Avropanın 2 böyük ölkəsinin milli kuboklarının müştərək yarışla əvəz olunması yönündə danışıqlara start verilib.

Bunu postsovet məkanının ən nüfuzlu klublarından olan Donetsk “Şaxtyor”unun baş direktoru Sergey Palkin də təsdiqləyib: “Bununla bağlı danışıqlar artıq neçə vaxtdır gedir. Qarşıda bir sıra görüşlər var. Hər şey normal olarsa, artıq 2013-cü ildə Rusiya və Ukrayna kubokları birləşdirilə bilər. Hər 2 ölkənin aparıcı klubları bu yarışda oynamağa razılıq verib və danışıqlarda iştirak etmək üçün nümayəndələrini ayırıb”.

Yeni turnirin yaranması Rusiya və Ukrayna ilə yanaşı regionun digər komandaları, o cümlədən Azərbaycanın aparıcı klubları üçün də yeni üfüqlər vəd edir. Belə ki, postsovet məkanı təmsilçiləri üçün də kubokun qapıları açılacaq. Bunu Palkin də təsdiqləyib. O, bildirib ki, yarış Kontinental Hokkey Liqası kimi daha böyük ərazini əhatə edə bilər: “Əgər həmin ölkə komandalarının yarışa qatılması rəqabəti artıracaqsa, Rusiya və Ukrayna klublarının inkişafına xidmət edəcəksə bu da mümkündür”.

Xatırladaq ki, adıçəkilən hokkey liqasında Rusiya, Ukrayna, Belarus, Qazaxıstan. Çexiya və Slovakiya təmsilçiləri çıxış edir. Palkin bu ideyanın əleyhinə çıxanların varlığını da normal hal sayır: “Hər bir təşəbbüsün lehinə və əleyhinə çıxanların olması normal haldır. Bu layihə zəif klublara sərf etməyəcək. Çünki onlar bu müştərək kubokdan kənar qal bilərlər”.

Xəbər 885 dəfə oxundu.