“Qəbələ” bunu ilk dəfə etdi
Premyer Liqanın XIV turunda “Rəvan”ın qonağı olan “Qəbələ” 3:1 hesabı ilə qalib gəldi. Bakıdakı oyunda qazanılan qələbə “Qəbələ” üçün ardıcıl 4-cü oldu. Belə ki, oktyabrın 31-də səfərdə “Qarabağ”ı, noyabrın 3-də evdə “Neftçi”ni eyni – 2:1 hesabı ilə yenən Ramiz Məmmədovun yetirmələri ötən tur qələbə seriyasını 3-ə çatdırmışdı. Bu, noyabrın 19-da “Kəpəz”lə ev oyunundakı 2:0 hesablı qələbə sayəsində mümkün olmuşdu.
Bu dəfə isə “Rəvan”ı udan “Qəbələ” uğurlu seriyasını 4-ə çatdırdı. Oktyabrın 27-də öz meydanında “Turan”a 0:1 hesabı ilə uduzduqdan sonra xal itirməyən komanda rekorda imza atdı. Belə ki, 2006/07 mövsümündən başlayaraq Premyer Liqada çıxış edən “Qəbələ” indiyədək belə qələbə seriyasına malik olmayıb. Güclülər sırasında 7-ci mövsümünü keçirən komanda bu müddətdə 71-ci qələbəsini qazanıb. Lakin heç vaxt bu uğurlardan 4-ü ard-arda olmamışdı.
İndiyədək klub tarixinin Premyer Liqadakı rekordu ardıcıl 3 qələbə idi. Belə seriyalar 6 ildən artıq müddətdə 5 dəfə qeydə alınmışdı. 3 dəfə məğlubiyyət, 2 dəfə isə heç-heçə qələbə seriyasını dayandırmışdı.
2007/08 mövsümündə ABN və “Turan”ı eyni – 2:1, “Gənclərbirliyi”ni 6:0 hesabı ilə məğlub edən Ramiz Məmmədovun başçılıq etdiyi komanda “Masallı”ya 0:1 hesabı ilə uduzaraq seriyasını 4-ə çatdırmamışdı.
2009/10 mövsümündə isə Məmmədovun yetirmələri “Olimpik”i 2:1, “Neftçi” və “Turan”ı isə eyni 1:0 hesabı ilə məğlub edərək 3 qələbəni sıralamışdı. Lakin 3 il əvvəl “Qəbələ”ni “Bakı” dayandırmışdı – 0:2.
Toni Adamsın komandada debüt etdiyi – 2010/11 mövsümündə 2 belə seriya olmuşdu. “Qarabağ”ı 2:1, “Simurq”la “Muğan”ı eyni – 2:0 hesabı ilə yendikdən sonra AZAL məğlub edilməmişdi – 0:0. II dövrədə “Simurq” 4, MOİK 3, “Turan” 1 cavabsız qolla məğlub edildikdən sonra yenə qələbə seriyasını AZAL heç-heçə ilə qırmışdı – 2:2.
Ötən mövsüm Fatih Kavlakın rəhbərliyi altında da 1 dəfə 3 qələbəlik seriya qeydə alındı. “Simurq” 1:0, “Xəzər Lənkəran” 2:1 və “Rəvan” 4:0 hesabı ilə məğlub edildikdən sonra “Qəbələ” “Kəpəz”lə qarşılaşmada seriyasını uzada bilməmişdi – 2:3.

Xəbər 880 dəfə oxundu.