«Bakı» «Neftçi»yə uduzdu
Bu gün Topaz Premyer Liqasında XIV tur sona çatıb. İdman.com.az xəbər verir ki, əhəmiyyət kəsb edən görüşlərdən biri paytaxtda baş tutub. Bakının eyni adlı komandası doğma divarlar arasında «Neftçi»ni qəbul edib. Autsayder görüşdə hesabı açsa da, üstünlüyünü qoruya bilməyib. Ölkə çempionu 2 qol vuraraq derbidən 3 xalla ayrılıb – 2:1.

Bu məğlubiyyət «Bakı»nın ilk «altılığ»a düşmək imkanını bir qədər də çətinləşdirib. «Zolaqlılar» mükafatlar uğrunda mübarizə aparmaq üçün ya ardıcıl qələbələr qazanmalı, ya da ölkə kubokunda uğurlu çıxış etməlidir.

«Sumqayıt»ı qonaq edən AzAL erkən qol buraxıb. «Təyyarəçilər» də flaqman kimi, bərabərlik qolunu 11-metrlik cərimə zərbəsindən vurublar (1:1).

Turun son qarşılaşması məhsuldar olub. «Rəvan» - «Qəbələ» matçının ilk hissəsində komandalar hərəyə 1 dəfə fərqləniblər. Fasilədən sonra qonaqlar bir qədər də fəallaşıblar. Mübarizənin gedişində 10 nəfərlə qalan «qara-qırmızılar» daha 2 qol vuraqaq, qələbə qazanıblar – 3:1

14 oyundan sonra yarış cədvəlində sıralama belədir: 1. «İnter» - 23 xal (13 oyun), 2. «Simurq» - 23 (14), 3. «Qəbələ» - 22 (14), 4. «Qarabağ» - 21 (14), 5. «Neftçi» - 21 (11), 6. «Xəzər Lənkəran» - 19 (13), 7. AzAL - 17 (13), 8. «Turan» - 16 (14), 9. «Rəvan» - 16 (14), 10. «Sumqayıt» - 14 (14), 11. «Bakı» - 13 (12), 12. «Kəpəz» - 9 (14).

Xəbər 915 dəfə oxundu.