«Neftçi» evdə də «Partizan»la bacarmadı
Bu gün Avroliqanın qrup mərhələsində V turun matçları keçirilib. İdman.com.az xəbər verir ki, adıçəkilən yarışda yeganə təmsilçimiz «Neftçi» az öncə doğma divarlar arasında «Partizan» klubu ilə görüşüb. Matça qədər hər 2 komandada eyni vəziyyət olub: 5 oyuna 1 xal. Elə rəqib qapısına dəqiq zərbədə də fərqlilik görünməyib - 1 top. 7-qat ölkə çempionumuz üstünlüyə yiyələnmək üçün evdə gözəl fürsət yaxalasa da, bundan yararlana bilməyib. Halbuki buna yaxşı imkanı vardı.

«Ağ-qaralar» 10-cu dəqiqədə braziliyalı legioner Flavinyunun sayəsində hesabda önə keçmişdi. «Neftçi» ilk hissədə çox çalışsa da, bir dəfədən artıq fərqlənə bilməyib. Rəqib isə, əksinə, növbəti yarıda fəallaşıb. Bunun nəticəsi kimi «Partizan» 67-ci dəqiqədə hesabı bərabərləşdirib. Maraqlıdır ki, 10 dəqiqə sonra qolun müəllifi Aleksandar Mitroviç futbolçumuza qarşı kobud davrandığına görə meydandan qovulub.

Rəqib azlıqda qalmasına rəğmən, «Neftçi» 2-ci topu vura bilməyib və bu matç da heç-heçə bitib – 1:1.

Xülasə, bugünkü qarşılaşmada heç-heçə edən bayraqdar qrupda 3-cü olmaq şansını çətinləşdirib. Çünki komandamızı son turda «İnter»lə çətin səfər oyunu gözləyir. Bakıda «ağ-qaralar»ı 3-cü heyətlə asan keçən «qara-göylər», Milanda da çox güman publika üçün oynayacaq.

Bu qrupda keçirilmiş digər görüşdə Kazan «Rubin»i evdə «İnter»in qapısına 3 cavabsız top vurub.

«H» qrupu – 1. «Rubin» - 13 xal, 2. «İnter» - 10, 3. «Neftçi» - 2, 4. «Partizan» - 2.

Xəbər 887 dəfə oxundu.