Dekabrın 4-də futzal üzrə Avropa çempionatının püşkü atılacaq
Dekabrın 4-də futzal üzrə Avropa çempionatının püşkü atılacaq. 2014-cü il Belçikada təşkil olunacaq yarışın təsnifat və seçmə mərhələsindəki qrupları müəyyənləşəcək. İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Finala gedən yolun 3 mərhələdən ibarət olduğu dəqiqləşsə də, iştirakçıların ümumi sayı hələ bəlli deyil. Çünki debütant komandaların UEFA-ya müraciəti mümkündür. Lakin yeni komandalar, həmçinin ən aşağı reytinqli millilər gələn il yanvarın 22-27-də ilkin mərhələdə münasibətlərini aydınlaşdıracaq.

Bu mərhələnin qalibləri mübarizəyə əsas mərhələdən başlayan yığmalara qoşulacaq. Gələn il martın 26-31-də baş tutacaq bu mərhələdə komandalar hər birində 4 milli olmaqla, 7 qrupda mübarizə aparacaq. Azərbaycan milli komandası da mübarizəyə məhz bu mərhələdən qoşulacaq.

7 qrupun qalibi birbaşa Belçikadakı final mərhələsinə vəsiqə əldə edəcək. Avro-2014-ün son 4 iştirakçısı isə pley-offda müəyyənləşəcək. 7 qrupda 2-ci yeri tutanlar və ən yaxşı qrup üçüncüsü 4 cütdə qarşılaşacaq. Bu qarşılaşmalar isə sentyabrın 17-si və 24-də baş tutacaq.

Qeyd edək ki, final mərhələsi 2014-cü il yanvarın 28-dən fevralın 8-dək baş tutacaq yarışın seçmə oyunlarının fərqli formatda keçirilməsi nəzərdə tutulmuşdu. Lakin UEFA-nın əsas seçmə mərhələnin oyunlarını ev-səfər prinsipi ilə 6 tur ərzində keçirmək istəyi gerçəkləşməyib.

Xəbər 832 dəfə oxundu.