Güləşçilərimiz ikinci oldu
Yunan-Roma güləşi üzrə komandalararası xarakter daşıyan bu yarışda 8 komanda iştirak edib. Azərbaycan, Rusiya, Ukrayna, Litva, Qazaxstan, Polşa və Belarusu təmsil edən iki komanda turnirin qalibi olmaq uğrunda mübarizə aparıb.
Azərbaycan yığması Polşa, Litva və Belarus-1 komandaları ilə “B” yarımqrupunda mübarizə aparıb. Qrupda bütün görüşlərini qələbə ilə başa vuran güləşçilərimiz finala vəsiqə qazanıb. Finalda rəqib “A” yarımqrupunun birincisi olan Rusiya təmsilçiləri olub. Final görüşünü 5-2 hesabı ilə uduzan güləşçilərimiz turniri ikinci sırada tamamlayıb. Rusiya birinci, Belarus-1 komandası isə üçüncü olub.
Yunan-Roma güləşi üzrə yığma komandamızı böyük məşqçi Şaban Donatın rəhbərliyi altında turnirdə Eldəniz Əzizli (55 kq), Kamran Məmmədov (60 kq), Həsən Əliyev (66 kq), Niyaməddin İbrahimov (74 kq), Elməddin Abdullayev (84 kq), Araz Həsənov (96 kq) və Zaur Mehrəliyev (120 kq) təmsil edib.
Qeyd edək ki, görüşlərin idarə edilməsində Azərbaycandan beynəlxalq dərəcəli hakim Asif Şirəliyev iştirak edib.

Xəbər 849 dəfə oxundu.