Kişi hokkeyçilər ciddi sınaq qarşısında
Beynəlxalq Hokkey Federasiyası mötəbər yarışların keçirilməsi sistemində dəyişikliklər edib. Belə ki, 2016-cı ildə Braziliyanın Rio de Janeyro şəhərində 31-ci Yay Olimpiya Oyunlarında və iki ildən bir keçirilən növbəti dünya çempionatlarında iştirak etmək qaydaları yenilənib. Bir sıra idman növlərində olduğu kimi, otüstü hokkeydə də qeyd edilən məsul yarışlara seçim Dünya Hokkey Liqası adı altında ilk dəfə təşkil olunan turnir vasitəsilə həyata keçiriləcək. Odur ki, Azərbaycanın kişilərdən və qadınlardan ibarət milli komandalarının mötəbər yarışlara qoşulması məhz bu turnir vasitəsilə reallaşa bilər.

İdman.com.az saytının məlumatına görə, planetin reytinq cədvəlində 38-ci yeri tutan kişilərdən ibarət yığmamız Dünya Hokkey Liqasının 1-ci mərhələsindən mübarizəyə başlayacaq. Həmin yarış bu il noyabrın 27-dən – dekabrın 2-dək Qətərin Doha şəhərində keçiriləcək.

Komandamız qarşıdakı turnirdə uğurlu çıxış edərək, 2-ci mərhələyə vəsiqə qazanmaq üçün Bakıda son məşqlərini keçirir və noyabrın 24-də Qətər paytaxtına yola düşəcək. Yarışda əvvəlcədən 8 ölkə hokkeyçilərinin 2 qrupda mübarizə aparacağı planlaşdırılsa da, son anda onların sayı 5-ə enib və iştirakçılar ən güclünü dairəvi sistemlə aşkar edəcəklər. Azərbaycan komandası təqvim üzrə ilk oyununu noyabrın 27-də meydan sahibləri – Qətər idmançılarına qarşı keçirəcək. Ertəsi gün hokkeyçilərimizin rəqibi Türkiyə yığması olacaq. Millimiz dekabrın 1-də Oman təmsilçiləri ilə qarşılaşacaq, dekabrın 2-də- yarışın son günü isə Şri Lanka yığması ilə görüşəcək.

Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası, planetin reytinq sıralamasında 16-cı yeri tutduğuna görə, 2013-cü il yanvarın 21-dən 28-dək Cənubi Afrika Respublikasının Keyptaun şəhərində təşkil olunacaq Dünya Hokkey Liqası turnirinin 2-ci mərhələsində mübarizə aparacaq.

Xəbər 1187 dəfə oxundu.