Albert Səlimov: “Bu mənim tam potensialım deyil”
WSB liqasında “Baku Fires” klubunun heyətində debüt edən dünya və Avropa çempionu Albert Səlimov argentinalı rəqibi İqnasio Perrinlə döyüş barədə fikir bildirib. dman.com.az saytının məlumatına görə, o, komandamızın 5:0 hesabı ilə “Argentina Condors”a qalib gəldiyi matç barədə titullu idmançı deyib ki, peşəkar boksda ilk görüşü onun üçün asan keçməyib:

- Son vaxtlar heç bəxtim gətirmirdi, uğursuzluqlar məni izləyirdi. Bakıda keçirilən dünya çempionatında guya rəqibə qurşaqdan aşağı zərbə endirdiyim üçün diskvalifikasiya olundum. Sonra Trabzonda – Avropa Olimpiya təsnifat turnirində zədələndiyimdən, döyüş yarımçıq dayandırıldı və Londona gedə bilmədim. Açığı, bundan sonra karyeramı başa vurmağı düşünürdüm. Amma məşqçim Nuripaşa Talibov “Baku Fires” klubu ilə anlaşdıqdan sonra məni də bura dəvət etdi.

Təklifi müsbət cavabladım. İlk döyüş asan olmadı. Amma potensialımı ortaya tam qoymadım. Gücümü qoruyaraq vuruşdum. Nəzərə almaq lazımdır ki, qarşıda da bizi çətin döyüşlər gözləyir. Ümumiyyətlə, Olimpiya boksu ilə WSB arasında kifayət qədər fərqlər var. Orada bir raundda bəzən tam gücünü qoya bilirsən. Burda isə sonadək ehtiyatı əldən verməməlisən. İnanıram ki, qarşıdakı görüşlərdə öz potensialımı tam şəkildə nümayiş etdirə biləcəyəm.

Xəbər 1319 dəfə oxundu.