XXIX Yay Olimpiya Oyunlarına hazırlıq haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
XXIX Yay Olimpiya Oyunları 2008-ci ildə Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçiriləcəkdir. Olimpiya Oyunları dünyanın bütün dövlətlərinin diqqət mərkəzində olan ən möhtəşəm və mühüm idman tədbiridir. Müasir dövrdə hər bir dövlətin Olimpiya Hərəkatındakı iştirakı, onu təmsil edən idmançıların Olimpiya Oyunlarında göstərdikləri nəticələr ölkənin təkcə idman sahəsindəki potensialını deyil, həm də ümumi inkişaf səviyyəsini nümayiş etdirir, beynəlxalq nüfuzuna təsir göstərir. Milyonlarla insanı bir araya gətirən Olimpiya Oyunları xalqlar arasında dostluğu, qarşılıqlı anlaşmanı, sülhü möhkəmləndirən güclü vasitədir. Olimpiya Hərəkatının böyük əhəmiyyətini qəbul edən dünya ölkələri ildən-ilə bu hərəkata daha fəal qoşulurlar. Əgər 1896-cı ildə I Olimpiya Oyunlarında cəmi 14 ölkə iştirak edirdisə, 2004-cü il oyunlarına 202 ölkə qatılmışdır. Növbəti Pekin olimpiadasında isə iştirakçı ölkələrin sayının daha da artacağı gözlənilir.

Azərbaycan idmançıları Olimpiya Oyunlarında 1952-ci ildən 1992-ci ilədək SSRİ-nin, 1992-ci ildə isə Müstəqil Dövlətlər Birliyinin yığma komandasının tərkibində çıxış etməli olmuşlar. Bu dövr ərzində idmançılarımız on olimpiadada iştirak etmiş, 14 qızıl, 11 gümüş və 8 bürünc medala layiq görülmüşlər.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə ölkənin Olimpiya Hərəkatında iştirakının yeni dövrü başlanmışdır. 1992-ci ildə yaradılmış Azərbaycan Milli Olimpiya Komitəsi 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış və Azərbaycan müstəqil dövlət kimi ilk dəfə 1996-cı ildə Atlanta Olimpiya Oyunlarında təmsil olunmuşdur. Həmin dövrdən idmançılarımız Azərbaycan bayrağı altında üç Qış və üç Yay Olimpiya Oyunlarında iştirak etmişlər.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda idmanın tərəqqisinə və ölkəmizin Olimpiya Hərəkatında iştirakına həmişə xüsusi əhəmiyyət vermişdir. Onun böyük diqqət və qayğısı, tövsiyə və göstərişləri sayəsində Azərbaycan Beynəlxalq Olimpiya Hərəkatına fəal qoşulmuş, ölkədə idman ahəngdar inkişaf etmişdir. Azərbaycan Respublikası Prezidentinin “Sidney Olimpiya Oyunlarına hazırlıq haqqında” 20 fevral 1998-ci il və “Afina Olimpiya Oyunlarına hazırlıq haqqında” 5 iyun 2003-cü il tarixli sərəncamları Milli Olimpiya Komitəsinin daha məqsədyönlü iş aparması üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin 26 avqust 2000-ci il tarixli Sərəncamı ilə idmançılarımızı və onların məşqçilərini Olimpiya Oyunlarında yüksək nəticələrə həvəsləndirmək məqsədi ilə mükafatların təyin edilməsi isə atletlərimizin yarışlara daha yaxşı hazırlaşmasına yeni stimul vermiş, nəticələrin olimpiadadan olimpiadaya yaxşılaşmasına gətirib çıxarmışdır. Əgər 1996-cı ildə 197 ölkənin iştirak etdiyi Atlanta Oyunlarında Azərbaycan bir gümüş medalla 61-ci yeri tutmuşdursa, 2000-ci ildə XXVII Yay Olimpiya Oyunlarında idmançılarımız iki qızıl və bir bürünc medal qazanaraq, 199 ölkənin qatıldığı bu oyunlarda ölkəmiz üçün 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri təmin etmişlər. 2004-cü ildə Afinada idmançılarımız 1 qızıl, 4 bürünc medalla təltif edilmişlər ki, bu da Azərbaycan idmanının sürətlə irəli getdiyini bir daha nümayiş etdirir.

Ölkədə Olimpiya Hərəkatı və idmanın inkişafı gündən-günə geniş vüsət alır. Son onillik beynəlxalq idman qurumları ilə əlaqələrin qurulması, Milli Olimpiya Komitəsinin dünya miqyasında nüfuzunun artması, beynəlxalq yarışların respublikamızda keçirilməsi, idmanın maddi-texniki bazasının yaradılması sahəsində görülən böyük işlərlə əlamətdardır. 2000-ci ildən başlayaraq Bakıda, paytaxtın Maştağa qəsəbəsində, Naxçıvanda, Gəncədə, Şəkidə, Bərdədə, Lənkəranda, Qubada, Şamaxıda, Zaqatalada müasir tipli idman kompleksləri tikilib istifadəyə verilmişdir. İndi respublikamızın, demək olar ki, bütün rayonlarında belə komplekslərin tikintisi davam edir. Ötən dövrdə bir sıra idman növləri üzrə ixtisaslaşdırılmış idman qurğuları inşa olunmuşdur. Stend Atıcılığı Mərkəzi, Taekvondo Sarayı, Yaxt-klub, Otüstü Xokkey Mərkəzi, ABU-Arena Həndbol kompleksi, Naxçıvan Üzgüçülük Mərkəzi belə idman obyektlərindəndir.

Yeni müasir idman qurğularının tikilib istifadəyə verilməsi, eləcə də həyata keçirilmiş irimiqyaslı işlər nəticəsində Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir. Hazırda Azərbaycan təkcə müəyyən kateqoriyalı beynəlxalq yarışların deyil, eyni zamanda qitə və dünya çempionatlarının keçirildiyi dövlətdir. Beynəlxalq yarışların regionlarda təşkili sahəsində də böyük nailiyyətlər qazanılmışdır.

2008-ci il Pekin Olimpiadasının daha gərgin mübarizə şəraitində keçəcəyi gözlənilir. Azərbaycan idmançıları Sidney və Afinada əldə edilmiş nəticələri təkrar etmək, tutduqları mövqeyi qoruyub saxlamaq və yaxşılaşdırmaq uğrunda mübarizə aparmalıdırlar. Bu məqsəd naminə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin bütün milli idman federasiyaları öz səylərini birləşdirməlidir. Son iki ildə idmançılarımızın qazandıqları uğurlar olimpiya yarışlarına hazırlığın lazımi səviyyədə getdiyini göstərir. Bununla yanaşı, aparılan işlər və qalan müddət ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər Azərbaycanın Pekin Olimpiadasına daha yüksək səviyyədə hazırlığını təmin etməli, qarşıda qoyulmuş məqsədlərə çatmaq imkanı yaratmalıdır.

Azərbaycanın milli olimpiya komandasının 2008-ci ildə Pekin şəhərində keçiriləcək XXIX Yay Olimpiya Oyunlarına daha yüksək səviyyədə hazırlanmasını, bu mərhələdə onların rəsmi beynəlxalq yarışlarda iştirak etməsini, Olimpiya Oyunlarına lisenziyaların qazanılması və idmançıların oyunlara tam hazırlığını təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin təqdim etdiyi xüsusi proqramlara əsasən milli yığma komandaların XXIX Yay Olimpiya Oyunlarına hazırlığı mərhələsində təlim-məşq toplanışlarının keçirilməsini, idmançıların rəsmi beynəlxalq yarışlarda iştirakını, ölkədə lisenziya yarışlarının təşkilini və nəzərdə tutulan digər tədbirlərin həyata keçirilməsini təmin etmək üçün maliyyə məsələlərini həll etsin;

- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyul 2006-cı il.

Xəbər 987 dəfə oxundu.