13 ölkədə 1 qitə çempionatı
2020-ci il Avropa çempionatı yeni formatda keçiriləcək. Dekabrın 7-də UEFA həmin yarışın müxtəlif ölkələrdə keçirilməsi perspektivlərini müzakirə edəcək. Yekun qərar isə yanvar ayında veriləcək. İdman.com.az saytının məlumatına görə, Almaniyanın «Bild» qəzeti bu ölkənin futbol ittifaqının baş direktoru Helmut Sandroka istinadən bu planın təfərrüatlarını açıqlayıb.

UEFA prezidenti Mişel Platini ona 2020-ci il Avropa çempionatının 13 ölkə və şəhərdə keçirilməsi planı olduğunu söyləyib. Bunlar Amsterdam, Afina, Bazel, Berlin, Brüssel, Zaqreb, Lissabon, London, Madrid,
Moskva, Paris, Roma və İstanbuldu. Bu şəhərlərdə infrastruktur yaxşı inkişaf edib: böyük stadionlar, hava limanları, otellər var. Onların inşasına böyük pullar xərcləmək lazım gəlməyəcək. Sandrokun sözlərinə görə yarımfinal və finalı qəbul etməyə ən böyük şans İstanbuldadı: «Türkiyə artıq bir neçə dəfə Avropa çempionatının keçirilməsinə ərizə verib. O cümlədən 2020-ci il üçün. Turnirin keçirilmə modeli dəyişdirilərsə, İstanbul, çox güman ki, yarımfinal və finalı alacaq. Lakin hal-hazırda bu İstanbul 2020-ci il olimpiadasına da iddialıdır. Ölkə nə uğrunda mübarizə aparacağı ilə bağlı seçimini etməlidir».

Yarışın müxtəlif ölkələrdə keçirilməsi variantından Platini ilk dəfə hələ bu ilin iyununda Avro-2012 dövründə danışmışdı. O. Avropa çempionatları tarixinin 60-illiyində turnirin müxtəlif ölkələrdə keçirilməsini düzgün hesab edir. Lakin bu, 2024-cü ildə də yarışın müxtəlif ölkələrdə keçirilməsinə dəlalət etmir. Gələcəkdə təkbaşına bu işin öhdəsindən gələcək ölkə təşkilatçı kimi təsdiqlənə bilər.

«Bild» həm də yazır ki, Almaniya, görünür, qrup turnirinin hər üç oyununu Berlində keçirə bilər. Əvəzində növbəti mərhələ səfərdə olacaq. Bu yarışda qonaq komanda azarkeşlərinə milli çempionatlarda və Avrokuboklarda olduğu kimi 10 deyil, 30 faiz biletlərin satılması düşünülür.

Xəbər 1153 dəfə oxundu.