Əjdər Cəfərov: Biz düzgün yoldayıq
FİLA-nın Bolqarıstanda təşkil etdiyi məşqçilər seminarında iştirak edən Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya kateqoriyalı referi Əjdər Cəfərov sərbəst güləş yığmamızın böyük məşqçisi Firdovsi Umudovun 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilməsini idmanımız üçün böyük uğur kimi dəyərləndirib. O qeyd edib ki, son illər ərzində qazanılan yüksək nailiyyətlər Azərbaycan Güləş Federasiyasının düzgün yolda olmasının göstəricisidir.

«Seminarın gedişində Azərbaycan güləşçilərinin Londonda əldə etdiyi nailiyyətlər xüsusi müzakirə mövzusu oldu və fəaliyyətimiz bir çox ölkə nümayəndələri üçün nümunə göstərildi. Bu bizi çox sevindirir və eyni zamanda üzərimizə böyük məsuliyyət qoyur. Seminar başa çatdıqdan sonra növbəti olimpiya tsikli üçün FİLA-nın müəyyənləşdirdiyi və tərtib etdiyi yeni planlarla tanış olacaq və Azərbaycanda ən son yeniliklərlə bağlı seminarlar təşkil edəcəyik. İstəyirik ki, bizim məşqçilərimiz də dünya güləşində baş verənlərdən xəbərdar olsunlar və işlərini buna uyğun qursunlar. Firdovsi Umudovun dünyanın ən yaxşı məşqçisi seçilməsi isə digər məşqçilərimiz üçün əlavə motivasiya olacaq. Çünki, bizim kifayət qədər səviyyəli, öz işlərini yaxşı bilən çalışdırıcılarımız var və onlar da qarşıdakı illərdə belə nailiyyət əldə edə bilərlər», - Cəfərov dedi. (AGF)
Azerisport.az

Xəbər 1056 dəfə oxundu.