Azərbaycan Respublikasının bəzi nazirliklərinin yenidən təşkil edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasının dövlətidarəetmə sistemində aparılan islahatların davamı olaraq mədəniyyət, gənclərlə iş, idman və turizim sahələrinin idarə edilməsinin təkmilləşdirilməsinin və onun müasir tələblərə uyğun qurulmasının, bu sahələrdə idarəetmənin səmərəliliyinin daha da artırılmasının zəruriliyini nəzərə alaraq və onların struktur optimallığını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər İdman və Turizm Nazirliyi ləğv edilsin.
2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin əsasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yaradılsın.
3. Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yaradılsın.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
4.1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin əsasnamələrinin layihələrini təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin strukturları və aparatlarının işçilərinin say həddi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.3. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4.5 Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 yanvar 2006-ci il

Xəbər 1047 dəfə oxundu.