Azərbaycanın yeniyetmə sablyaçıları Rumıniyadakı turnirdə çıxışlarını başa vurublar
Azərbaycanın yeniyetmə sablyaçıları Rumıniyanın paytaxtı Buxarestdə keçirilən “Riposta Cup” turnirində çıxışlarını başa vurublar.

Oğlanların şəxsi yarışında ən yaxşı göstərici 150-dən çox iştirakçı arasında 11-ci olan Nahid Məmmədliyə məxsusdur.

Timur Husnaddinov, Abbas Hüseynov və Rəsul Əliyev isə ümumi sıralamada ilk "50-lik"də yer almağı bacarıblar.

Qız sablyaçıların şəxsi mübarizəsində 140 iştirakçı arasında iki qılıncoynadanımız ilk "20-lik"də yer alıblar. Valentina Zeynalova ümumi sıralamada 16-cı, Züleyxa Sultanlı isə 19-cu olub.

Yeniyetmə qız sablyaçıların komanda yarışında Valentina Zeynalova, Leyla Əhmədova, Fərəh Abasova və Züleyxa Sultanlıdan ibarət yığma ilk görüşündə Bolqarıstanı təmsil edən kollektivi 45:18 hesabı ilə məğlub edib. Növbəti görüşdə Rumıniya yığmasına 45:32 hesabı ilə qalib gələn milli finala yüksəlmək uğrunda keçirilən görüşdə Böyük Britaniya komandasına 28:45 hesabı ilə uduzub.

Rəsul Əliyev, Abbas Hüseynov, Nahid Məmmədli və Timur Husnaddinovdan ibarət sablya üzrə yeniyetmə oğlanlardan ibarət komanda ümumi sıralamada beşinci olub.

İlk görüşündə Bolqarıstan yığmasına 45:39 hesabı ilə qalib gələn komandamız yarımfinala yüksəlmək uğrunda keçirilən qarşılaşmada Rumıniya millisinə 44:45 hesabı ilə uduzub.

Xəbər 29 dəfə oxundu.