Sumqayıt hokkeyçiləri ölkə birinciliyinin qalibi oldular
Bakı Otüstü Hokkey Kompleksində 13-15 yaşlı oğlan otüstü hokkey komandaları arasında Azərbaycan birinciliyi başa çatıb. Bu gün- yarışın sonuncu günü iştirakçılar qruplarda tutduqları yerlərə müvafiq PLEY-OFF-da qarşılaşıblar. İlk olaraq meydana 4-cü yeri tutanlar- “Sumqayıt-2” və “Şəmkir” komandaları çıxıb. Görüşdə 3:2 hesabı ilə qələbə qazanan sumqayıtlılar yekunda VII yerə layiq görülüblər.

İdman.com.az xəbər verir ki, V yer uğrunda “Olimp”(Masallı) və “Təhsil”(Bakı) klubları görüşüblər. Oyun 5:2 hesabı ilə paytaxt hokkeyçilərinin xeyrinə qurtarıb. Ölkə birinciliyinin “bürünc” mükafatları uğrunda qruplarda 2-ci yerləri tutan “Atasport”(Binə) və “Göytəpə”(Cəlilabad) komandaları mübarizə aparıblar. Gərgin və maraqlı keçən qarşılaşmanın əsas vaxtı 5:5 hesabı ilə başa çatdığından qalib penalti seriyasından sonra müəyyənləşib. Bu imkandan daha yaxşı istifadə edən “Atasport” 1 top fərqlə qalib gələrək “bürünc” medallara layiq görülüb. Yeniyetmə oğlan hokkeyçilər arasında ölkə birinciliyinin qalibi isə “Sumqayıt-2” - “Şəki” matçında aşkar olunub.

Sumqayıtlılar final görüşündə də rəqibini böyük hesabla(10:2) məğlub edərək “qızıl” medallara sahib olub. Qalib komanda fəxri kubok və qiymətli hədiyyələr, ilk 3 yeri tutanlar isə müvafiq olaraq medal və GİN-nin diplomları ilə təltif olunanublar. Müxtəlif nominasiyalar üzrə fərqlənən 3 ən yaxşı hokkeyçi də qiymətli hədiyyələrlə mükafatlandırılıb. “Atasport”komandasının üzvü Elxan Hüseynzadə “Ən yaxşı oyunçu”, İlkin Rəsulzadə(“Şəki”) “Ən yaxşı qapıçı”, Kənan Cabbarov isə “Sumqayıt-1” ölkə birinciliyinin “Ən sərrast hücumçusu”(21 qol) adına layiq görülüblər

Xəbər 1255 dəfə oxundu.