“Qarabağ” klubların yeni dünya reytinqində irəliləyib
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

702 komandanın yer aldığı siyahıya Azərbaycanın üç təmsilçisi düşüb.

Ötən ay 84-cü pillədə qərarlaşan “Qarabağ” irəliləyişə nail olub. Ağdam təmsilçisi hesabındakı 145,5 xalla 73-cü yerə yüksəlib. Azərbaycan çempionunun qabaqladığı nəhənglər sırasında “Seltik” (Şotlandiya), “Ayaks” (Niderland), “Əl-Nəsr” (Səudiyyə Ərəbistanı), “Çelsi”, “Tottenhem” (hər ikisi İngiltərə) kimi klublar da var.

“Sabah” və “Neftçi” isə, əksinə, geriləyiblər. Murad Musayevin çalışdırdığı “Sabah” 55,5 xalla 391-ci yerdən 436-cı pilləyə düşüb. Hesabında 53,75 xal olan “Neftçi” isə 378-ci pillədən 469-cu yerə enib.

Qeyd edək ki, dünya reytinqinə 359 xalla “Mançester Siti” başçılıq edir. İspaniya təmsilçisi “Real Madrid” (332) ikinci, İtaliya “İnter”i (289) isə üçüncü yeri tutublar.

Xəbər 111 dəfə oxundu.