Bölgə gimnastları Bakıda təlim-məşq toplanışına başlayıblar
Zaqatala və Qax Olimpiya İdman Komplekslərinin bədii gimnastika bölməsinin üzvləri Milli Gimnastika Arenasında təlim-məşq toplanışına başlayıblar.

Yanvarın 23-dək davam edəcək hazırlığın əsas məqsədi regionlarda gimnastikanın inkişaf etdirilməsi, idmançıların hazırlığının gücləndirilməsidir.

11 gimnastın iştirakı ilə təşkil olunan təlimlərdə təcrübəli məşqçilərin rəhbərliyi altında idmançılara ümumi, xüsusi fiziki və texnika hazırlığı keçirilib.

Bundan əlavə, mütəxəssislər tərəfindən gimnastların proqramlarının təkmilləşdirilməsinə diqqət yetirilib.

Zaqatala Talaçay Kompleksi və Qax Olimpiya İdman Kompleksinin məşqçisi Sevda Ramazanova bildirib ki, təlimlər idmançıların alətlərlə işləmək bacarığını möhkəmləndirməyə kömək edir. Çalışdırıcı bu gün start götürən həftəlik məşqlərin gimnastlara və məşqçilərə faydasından bəhs edib. Onun sözlərinə görə, əsas hədəf bu il keçiriləcək yarışlarda uğurla çıxış etmək və medalların sayını artırmaqdır.

Respublikanın regionlarında gimnastikanın inkişafı çərçivəsində bölgələrdən olan idmançılar mütəmadi olaraq Bakıda keçirilən təlim-məşq toplanışlarında iştirak edirlər. Bundan əvvəl Milli Gimnastika Arenasında Mingəçevir, Gəncə, Masallı, Şirvan, Kürdəmir, Şəki, Abşeron və Ağdaşın gənc idmançıları Milli Gimnastika Arenasının qonağı olublar.

AGF-nin təşkil etdiyi bu layihə təkcə Bakıdan mütəxəssislərin rayonlara səfərləri və master-klasların təşkilini deyil, həm də ölkənin müxtəlif bölgələrindən perspektivli idmançıların paytaxta toplanışa dəvət olunmasını nəzərdə tutur.

Qeyd edək ki, Zaqatala Talaçay Kompleksi və Qax Olimpiya İdman Kompleksində 2019-cu ildən gimnastika bölmələri fəaliyyət göstərir.


Xəbər 142 dəfə oxundu.