Çövkən üzrə Prezident Kubokunda finalçılar müəyyənləşib
Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən çövkən milli atüstü oyunu üzrə Prezident Kubokunda yarımfinal oyunları baş tutub.

Binə Atçılıq Mərkəzinin qapalı manejində reallaşan matçlarda dörd komanda finala vəsiqə uğrunda mübarizə aparıb.

Gərgin oyun şəraitində keçən ilk görüşdə “Polad” “Omar”ı 4-1 hesabı ilə məğlub edərək finala yüksəlib.

Digər yarımfinal matçında isə “Sərhədçi-Qarabağ” “Sərhədçi-Dilbaz”a minimal hesabla qalib gələrək həlledici oyunda “Polad” komandasının rəqibi olub.

Mükafatlar uğrunda matçlar dekabrın 24-də saat 11:00-dan etibarən keçiriləcək.

Günün ilk qarşılaşmasında “Sərhədçi-Dilbaz” “Omar” ilə turnirin üçüncüsünü müəyyən edəcək. Kubokun sahibi isə “Polad” və “Sərhədçi-Qarabağ” komandaları arasında oynanılacaq görüşdən sonra bəlli olacaq.

Final matçından sonra turnir iştirakçılarının təltifetmə mərasimi baş tutacaq.

Xəbər 184 dəfə oxundu.