Həndbol üzrə Azərbaycan çempionatı: “Qarabağ” və “Kür”ün uğurlu seriyası davam edir
Həndbol üzrə Azərbaycan çempionatında 4-cü turun oyunları keçirilib. Qadınların mübarizəsində “Kür” komandası daha bir qələbə ilə azarkeşlərini sevindirib.

Mingəçevir həndbolçuları bu dəfə səfərdə “Gənclər Birliyi”ndən 27:6 hesabı ilə üstün olublar.

“Bakı” - “Azəryol” qarşılaşmasında da böyük hesab qeydə alınıb. Bu oyundan nominal qonaqlar qələbə ilə ayrılıblar- 42:7.

“Qarabağ” isə “İdman Akademiyası” ilə qarşılaşmada çətinlik çəkmədən qalib gəlib. “Qarabağ” həndbolçularının 43 qoluna “tələbələr” 16 qolla cavab veriblər.

Maksimum nəticə göstərən “Qarabağ” 8 xalla yarış cədvəlinə başçılıq edir. 6 xalı olan “Azəryol” və “Kür” 2-3-cü pillələri bölüşür. “İdman Akademiyası” ilə “Bakı” hərəyə iki xalla son sıralarda qərarlaşıb. Hesabında xal olmayan “Gənclər Birliyi” isə autsayderdir.

Kişi həndbolçuların mübarizəsində “Kür” uğurlu seriyanı davam etdirir. Mingəçevir klubu 4-cü turun “Azəryol”la görüşündə də etimadı doğruldub.

Meydan sahiblərinin ciddi müqavimətinə baxmayaraq, qonaqlar üstünlüyü sona kimi qoruyublar - 32:25.

Turun ən maraqlı oyunu “Qarabağ” və “Bakı” arasında olub. Görüşün ilk hissəsini “Bakı” həndbolçuları 11:10 hesabı ilə xeyirlərinə tamamlayıblar. Matçın ssenarisi ikinci yarıda da dəyişməyib. Son bir dəqiqə isə daha gərgin alınıb.

Qarşılaşmanın son saniyəsində hesab 25:24 qonaqların xeyrinə olarkən “Qarabağ” penalti vurmaq imkanı əldə edib. Lakin Zezva İobaşvili bu fürsətdən yararlana bilməyib. Beləliklə, gərgin mübarizə “Bakı”nın qələbəsilə başa çatıb.

Dörd oyundan 8 xal toplayan “Kür” çempionatın lideridir. “Bakı” ondan 2, “Qarabağ” isə 4 xal geri qalır. “Azəryol”la “İdman Akademiyası”nın hərəyə 2 xalı var. “Təhsil” və “Dinamo” komandaları xal qazana bilməyiblər.

Xəbər 134 dəfə oxundu.