Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresinin açılışı olub
Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresinin açılışı olub. İki gün davam edəcək konqres “İdmanda irqçiliyin aradan qaldırılması üçün Ədalətli Oyun Təhsili” mövzusunu əhatə edir. Noyabrın 23-də Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) mükafatlarının təqdimetmə mərasimi keçirilib. Mərasimdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Avropa Ədalətli Oyunlar Hərəkatının prezidenti Filip Üzyo çıxış ediblər. Ardınca qurumun müxtəlif nominasiyalar üzrə qala mükafatlarının təqdimatı olub.
Tədbirdə AƏOH tərəfindən Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev uğurlu əməkdaşlığın yaradılmasına görə AƏOH-un mükafat və diplomlarına layiq görülüblər. Daha sonra Azərbaycan Badminton Federasiyası AƏOH-un nominantları sırasında yer alaraq “Ədalətli oyun ruhu” mükafatı ilə təltif edilib.
Ardınca Azərbaycan Ədalətli Oyunlar Komissiyasının 5 nominasiya üzrə mükafatları verilib. Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov “Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi”, Azərbaycan Gimnastika Federasiyasının mətbuat katibi Aysel Sultanova “Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı”, Arzu Acalova (cüdo) “Ədalətli oyun prinsiplərinə sadiq hakim”, yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi Aleksandr Tarakanov “Ədalətli oyun prinsiplərinə sadiq məşqçi”, Gövhər Beydullayeva (şahmat) “Ədalətli oyun prinsiplərinə sadiq idmançı” nominasiyaları üzrə mükafatlandırılıblar.

Xəbər 144 dəfə oxundu.