Azərbaycan Alpaqut Federasiyasının prezidenti: Bayrağımızı TAFİSA-da təmsil etmək böyük qürur hissidir
Gənclər və İdman Nazirliyinin, Dünya Alpaqut Federasiyası və Beynəlxalq İdman Hamı üçün Assosiasiyasının (TAFİSA) təşkilatçılığı ilə mətbuat konfransı keçirilib.

Tədbirdə federasiyanın prezidenti Jalə Əhmədova, vitse-prezident Fərid Əlizadə, nazirliyin sektor müdiri Aydın Məmmədov, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov və TAFİSA-nın nümayəndələri iştirak ediblər.

Azərbaycan Alpaqut Federasiyasının prezidenti deputat Jalə Əhmədova çıxışında Azərbaycan Bayrağını TAFİSA-da təmsil etməyin böyük qürur hissi olduğunu vurğulayıb. O, yaxın zamanda daha yüksək nailiyyətlərə imza atacaqlarını qeyd edib.

Sonra Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov alpaqut turan döyüş növünün ölkəmizdə olduğu kimi, dünyada da böyük nüfuz qazanacağına inandığını bildirib.

Dünya Alpaqut Federasiyasının son konfransında Azərbaycana böyük marağın olduğunu bildirən F.Əlizadə deyib: "Görüş zamanı Azərbaycan xüsusi olaraq tanıdıldı. Tədbir bitdikdən sonra TAFİSA-nın əməkdaşları ilə üç görüş keçirildi. Bunlardan biri qeyri-rəsmi görüş idi. Növbəti günlərdə TAFİSA-nın gələcək layihələri ilə bağlı tədbirlər davam etdi. Qurum tərəfindən bizə daimi üzvlük və səsvermə hüququ təqdim olundu. Bu uğur Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir”.

Federasiya rəsmisi TAFİSA-nın növbəti konfransının 2027-ci ildə keçiriləcəyini vurğulayıb.

Daha sonra TAFİSA-nın nümayəndəsi Patrik Berosa çıxış edib. 162 ölkənin qurumda təmsil olunduğunu söyləyən nümayəndə əlavə edib: "Böyük məmnunluq hissi duyuruq ki, Azərbaycan da bizim aramıza qoşulub. TAFİSA BMT, UNESCO və Olimpiya Komitəsi tərəfindən tanınır. Təşkilatın adından da bəlli olduğu kimi, hər birimizi dostluğa və sülhə dəvət edir".

Sonra alpaqut döyüş sənətinin qurucusu Vasif Namazov Azərbaycanın gələcəyə dair böyük və ciddi məqsədlərinin olduğunu bildirib.

Sonda mükafatlar təqdim olunub.

Qeyd edək ki, Beynəlxalq İdman Hamı üçün Assosiasiyası (TAFİSA) 1991-ci ildə yaranıb.

Xəbər 149 dəfə oxundu.