Akif İsmayılov: Stadionun ot örtüyü hər gün qulluq istəyir - MÜSAHİBƏ
Tofiq Bəhramov adına Respublika stadionu əsaslı təmirdən sonra bu ilin sentyabrında istifadəyə verildi. Respublika stadionunun direktoru Akif İsmayılov İdman.com.az saytına müsahibəsində hər şeyin bundan sonra da qaydasında gedəcəyinə inanır:

- Bolqarıstan şirkəti ilə hələlik 2 illik müqavilə bağlamışıq. Onlar bizimkilərlə birgə burada çalışırlar. Stadionun əməkdaşlarına ot örtüyünə qulluq qaydasını başa salırlar. Yəqin ki, bu 2 il ərzində bizim əməkdaşlar da xeyli şey öyrənərlər.

- Bolqarıstanlı mütəxəssislərin fəaliyyəti Sizi qane edirmi?
- Əlbəttə. Stadionun qazonu yaxşı vəziyyətdədir. Ötən ay Bakıda 17 yaşlı qızlar arasında dünya çempionatı keçirildi. Bu tədbirlə paralel, baş arenada konsert proqramları təşkil edildi; şounun gedişində meydana 400 nəfər daxil oldu. Ot örtüyü bu yükdən, bu sınaqdan çıxdı. Bunlar hamısı şərtdir.

- Akif müəllim, respublika stadionunun qazonu bir dəfə də əsaslı becərilmişdi. 2002-ci ilin payızında millimiz İtaliya komandasını qəbul etmişdi. O vaxt rəqib baş məşqçisi Covanni Trapattoni mərkəzi arenanın ot örtüyündən çox razı qalmışdı...
- Düzü, o vaxt da meydanın ot örtüyünü indi əməkdaşlıq etdiyimiz bolqar mütəxəssislər düzəltmişdi. Fərq ondadır ki, əvvəllər paytaxtda stadion çatışmazlığı vardı. Ona görə mərkəzi arena daim yüklənirdi. Elə vaxt olurdu ki, bir həftədə 4 görüş keçirilirdi. Təbii, bu amillər meydanın qazonuna mənfi təsirini göstərməyə bilməzdi. İndi bizim arenada ev oyunlarını yalnız «Qarabağ» keçirir. Bu kluba isə hamımız dəstək verməliyik. Bir də, milli komandamız rəqiblərini burada qəbul edəcək.

- Sizi ehtiyatlandıran məqam varmı?
- Qışda çətin olacaq. Ona görə, indidən qabaqlayıcı tədbirlər görməyi düşünürük. Gələn həftə bolqarıstanlı mütəxəssislər vətənlərindən geri dönəcəklər. Onlarla mühüm işimiz var. Məlum olduğu kimi, stadionun altında istilik sistemi quraşdırılıb. Biz onu yoxlamağı planlaşdırırıq. Ola bilsin, soyuq havada qurğunu işə salaq.

- Eşitdiyimizə görə, baş arenanın ot örtüyü hələ tam hazır deyil. Bu proses nə vaxt tam başa çatacaq?
- O heç vaxt başa çatmır (gülümsəyir). Sadəcə, hər gün qulluq lazımdır. Biz necə ki, hər gün qidalanır, su içirik. O da elə. Çünki ot da canlıdır.

Kamran Hacı

Xəbər 2884 dəfə oxundu.