“Mingəçevir Reqatası-2023”: Azərbaycan avarçəkənləri daha 12 medal qazanıblar
Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə təşkil edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinin ikinci günündə Azərbaycan idmançıları 12 medal qazanıblar.

Bir nəfərlik kanoe qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançıların mübarizəsində Sənan Məmmədov ikinci, Cavid Vəlizadə üçüncü yeri tutublar.

2007-2008-ci il təvəllüdlü avarçəkənlər arasında birnəfərlik kayak qayığında 500 metr məsafəyə yarışda Amil Ramazanov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İkinəfərlik akademik avarçəkmə qayığında 1500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü oğlanların yarışında Fuad Məmmədov-Fikrət Həsənov cütü gümüş medala layiq görülüb.

İkinəfərlik kayak qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü oğlanların mübarizəsində Qiyas Əhmədov-Riad Əhmədzadə cütü qızıl, Sübhan Həsənov - Rəşad Dadaşov cütü bürünc medal əldə ediblər.

İkinəfərlik akademik avarçəkmə qayığında 1000 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançıların mübarizəsində Nurəddin Əliyev-Məhəmməd Abdullayev cütü 3-cü yerə çıxıb.

Birnəfərlik kanoe qayığında 200 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü avarçəkənlərin yarışında Sənan Məmmədov finişə ikinci çatıb.

Birnəfərlik kayak qayığında 500 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançıların mübarizəsində Əlimurad Hacızadə bürünc medala yiyələnib.

Nəhayət ikinəfərlik kayak qayığında 200 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü avarçəkənlərin yarışında hər üç medala Azərbaycan təmsilçiləri sahib çıxıblar. Qiyas Əhmədov-Riad İsmayılzadə cütü birinci, Sübhan Həsənov-Rəşad Dadaşov cütü ikinci, Emil Zeynalov-Rüfət Həsənzadə cütü isə üçüncü yeri tutub.

Qeyd edək ki, 8 ölkədən 14 komandanın iştirakı ilə keçirilən yarışın ilk günündə Azərbaycan avarçəkənləri 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.

“Mingəçevir reqatası-2023” beynəlxalq turnirinə oktyabrın 27-də yekun vurulacaq. Qalib idmançılar diplom və medallarla mükafatlandırılacaq.

Xəbər 178 dəfə oxundu.