Voleybol yığmasının baş məşqçisi: Avropa Kubokundakı medal bizim üçün böyük məna ifadə edir
“Avropa Kubokunda tarixi uğura imza atdıq. Təəssüratlarımız möhtəşəmdir, çox sevinirik”.

Bu sözləri açıqlamasında çimərlik voleybolu tarixində ilk dəfə keçirilmiş Avropa Kubokunun qalibi olan “Murov Az Terminal” komandasının baş məşqçisi İqor Olefir deyib.

Ukraynalı mütəxəssis Türkiyədəki yarışda qalib gəldikləri üçün xoşbəxt olduqlarını bildirib: “Açığı, bu cür uğur qazanacağımızı gözləyirdik. Çünki məşqlərimiz intensiv keçirdi. Avropa Kubokunun qalibi olacağımıza inanırdıq. Əlimizdən gələni edib bunu bacardıq”.

O, finalda qazanılan qələbənin asan başa gəlmədiyini vurğulayıb: “Həlledici oyunda ev sahibi ölkənin TVF Spor Lisesi SK ANKARA klubunu məğlub etdik. Həmin qarşılaşmada psixoloji üstünlük rəqibin tərəfində olsa da, sonda sevinən tərəf məhz biz olduq. Burada peşəkarlıq və turnirə yaxşı hazırlaşmağımız bizə kömək etdi”.

İ. Olefir Avropa Kubokunda qazanılan medalın böyük məna ifadə etdiyini diqqətə çatdırıb: “İllərdir çimərlik voleybolunda nəticə əldə etməyə çalışırıq. Düzdür, Azərbaycan çempionatında uğurlarımız çoxdur. Amma beynəlxalq yarışlarda belə nəticə qazanmamış, mükafatçılar sırasında olmamışdıq. Həmişə medalın bir addımlığında “ilişirdik”. Şükürlər olsun ki, bu dəfə alındı. Növbəti hədəfimiz dünya və Olimpiya çempionluğudur”.

Mütəxəssis komandaya inandıqları və lazımi şərait yaratdıqları üçün Azərbaycan Voleybol Federasiyası ilə Gənclər və İdman Nazirliyinə təşəkkür etdiyini bildirib: “Onların etimadını boşa çıxarmadıq və qalib gəldik. Bizi dəstəksiz qoymayan azarkeşlərimizə minnətdarlığımızı bildiririk. İstər arenalarda, istərsə də sosial şəbəkələrdə komandanı dəstəklədilər. Kimin əziyyəti varsa, haqqını halal etsin”.

Xəbər 137 dəfə oxundu.