Çimərlik voleybolu üzrə Azərbaycan klubları ilk dəfə keçiriləcək Avropa Kubokunda çıxış edəcəklər
Çimərlik voleybolu tarixində ilk dəfə Avropa Kuboku (Beach Volley European Cup) keçiriləcək.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən klublar arasında təşkil olunan yarışa Türkiyənin Balıkesir şəhəri ev sahibliyi edəcək. 5-8 oktyabr tarixlərində keçiriləcək Avropa Kubokunda Azərbaycan iki komanda ilə təmsil olunacaq. Qadınların yarışında "Azərreyl", kişilərin mübarizəsində isə "Murov AZ Terminal" komandası kubok uğrunda yarışacaq.

Hər iki komanda A qrupunda mübarizə aparacaq. "Azərreyl" klubu "Beinasko" (İtaliya), "RE Beach Club" (Fransa), "Berqştrand" (Avstriya), "Altinyurt" (Türkiyə) komandaları ilə bir qrupda yer alıb. "Murov Az Terminal" komandası isə "Beinasko" (İtaliya), "ABC Vörterse" (Avstriya), "Valensiya" (İspaniya) və "Kartal Anadolu Spor" (Türkiyə) klubları ilə yarışacaq.

Azərbaycan təmsilçilərinin heyətində yerli voleybolçular Fidan Əhmədxanova, Larisa Smeltsova, Vadim Kutukov, Vüqar Bayramov, Ülvi Rəcəbli, Heydər Məmmədli ilə yanaşı, keçmiş dünya çempionu və Tokio 2020 Olimpiya Oyunlarının gümüş mükafatçısı Oleq Stoyanovski, həmçinin İlya Leşukov, çimərlik voleybolunda böyük uğurlar qazanmış Olqa Motriç və Adelya Axmetova da yer alırlar.

"Azərreyl"in heyəti: Fidan Əhmədxanova, Larisa Smeltsova, Olqa Motriç, Adelya Axmetova

Baş məşqçi: Nihad Tarverdiyev

"Murov Az Terminal"ın heyəti: Oleq Stoyanovski, İlya Leşukov, Vadim Kutukov, Vüqar Bayramov, Ülvi Rəcəbli, Heydər Məmmədli

Baş məşqçi: İqor Olefir

Xəbər 129 dəfə oxundu.