İdman mütəxəssislərinə fəxri adlar və medallar təqdim edildi

Noyabrın 7-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında bu qurumun yaradılmasının 20 illiyi münasibətilə idman sahəsində çalışan bir sıra mütəxəssislərin mükafatlandırılma mərasimi keçirilib

Tdbirdə gənclər və idman naziri Azad Rəhimov ölkədə idmanın inkişafına göstərilən dövlət qayğısından söhbət açıb, idmançılarımızın olimpiya oyunlarında qazandığı nailiyyətlərdən danışıb. Bildirib ki, ötən 20 ildə MOK böyük uğurlar əldə edib. Bu uğurlar xalq tərəfindən böyük coşqu ilə qarşılanıb və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edib ki, idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. Azərbaycanda inkişaf bütün sahələri əhatə edir. Bunlardan biri də olimpiya hərəkatıdır. Respublikamızda yeni olimpiya kompleksləri istifadəyə verilmiş, idman infrastrukturu möhkəmləndirilmişdir. Bütün bu nailiyyətlərin əsasında Milli Olimpiya Komitəsinin Prezidenti, ölkəmizin başçısı İlham Əliyevin respublikamızda idmana böyük qayğı ilə yanaşması dayanır.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə təltif etdiyi mütəxəssislər mükafatlandırılıblar.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Ağacan Abıyev ölkədə inkişafa yönəldilmiş idman siyasətindən danışıb və mükafatlandırılan şəxsləri təbrik ediblər.

MOK İcraiyyə Komitəsinin üzvü Zərifə Salahova qurumun 20 illiyi ilə bağlı miniatür kitab hazırlayacağını diqqətə çatdırıb.

Daha sonra təltif olunanlar adından çıxış edən “Təhsil” İdman Cəmiyyətinin sədri Cəfər Hümbətov, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının sədri Eldar İsmayılov, paralimpiyaçı cüdoçulardan ibarət yığmamızın baş məşqçisi Əhməddin Rəcəbli və nazirliyin boks üzrə kuratoru Tofiq Babanlı dövlətimizin başçısı İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Xəbər 1608 dəfə oxundu.