“Azərreyl” xorvatiyalı hücumçunu transfer edib
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edir.

Klubdan verilən məlumata görə, ölkəsinin aşağı yaş qruplarında oynamış 29 yaşlı Katarina Pilepiç ilə 1 illik müqavilə imzalanıb. 183 santimetr boya malik voleybolçu Azərbaycandan əvvəl bir neçə ölkədə də legioner həyatı yaşayıb. Onun Xorvatiyada ilk peşəkar klubu “Riyeka” olub və 2013-cü ilə qədər bu komandanın şərəfini qoruyub. O, ABŞ-da “San Fransisko Universiteti” (2013-2015) və “Arizona Universiteti”nin də (2015-2016) formalarını geyinib.

Katarina 4 dəfə Xorvatiya və 1 dəfə İsrail çempionatının qalibi olub. Kolleksiyasında İsrail və Xorvatiya çempionatlarının gümüş, Çexiya, Yunanıstan və Filippin liqalarının bürünc medalları da var.

Qeyd edək ki, Pilepiç Finlandiyada və Çexiyada mövsümün ən yaxşı hücumçusu seçilib.

Xəbər 112 dəfə oxundu.